AZ

“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası KEÇİRİLDİ

İyulun 30-da “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, iclasda cari ildə ölkədə istehlak bazarında qiymətlərin dəyişməsi, hökumətin antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub.

İclasda, xarici amillərin, habelə ərzaq bazarında idxal olunan məhsulların qiymət indekslərindəki dəyişmələr və ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2023-cü ildə birrəqəmli inflyasiya hədəfinə nail olunmaqla yanaşı, cari ilin ötən dövrü ərzində də inflyasiyanın minimal səviyyədə qorunub saxlanıldığı qeyd edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1,1 faiz təşkil edib. 2024-cü ilin yanvar-iyununda orta illik inflyasiya 0,7 faiz olub.

Tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb. 2024-cü ilin 6 ayında manatın nominal effektiv məzənnəsi 3 faiz bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən amildir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Qiymət İzləmə Tətbiqinin” yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ölkədə istehlak qiymətləri indeksinə daxil olan ərzaq və qeyri-ərzaq məhsullarının, əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətlərinin formalaşması üzrə aidiyyəti qurumların məlumatlarının inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər barədə təqdimat edilib.

İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank tərəfindən görülən işlərə dair məlumat verilib.
 

İclasın yekununda daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlərin davam etdiriləcəyi bildirilib.


Ötən müddət ərzində qanunvericilikdə rəqabət məsələləri, dərman vasitələri bazarı və s. istiqamətdə həyata keçirilən təkmilləşdirmələrin bu proseslərə müsbət təkan verəcəyi vurğulanıb.

Bizim.Media

Seçilən
63
23
bizim.media

10Mənbələr