AZ

Məxfi müharibə ssenarisi...

Almaniya - Rusiya müharibəsi gündəmdə

İkinci Dünya müharibəsinin əsas cəbhəsi Almaniya ilə Rusiyanın aparıcı qüvvə təşkil etdiyi keçmiş SSRİ arasında açılmışdı. Dəhşətli müharibə Almaniyanın məğlubiyyəti və bir sıra ağır şərtləri qəbul etməsi ilə nəticələndi. Son vaxtlarda transmilli mediada yayılan xəbərlərdən o qənaət hasil olur ki, köhnə rəqiblər Rusiya-Ukrayna müharibəsi fonunda yenidən öz aralarında cəbhə aça bilərlər. Bu barədə ehtimalları “İnfoBRİCS” portalının şərhçisi Draqolyub Bosniçin dərc etdirdiyi məqalədə yer alan faktlar daha da gücləndirib.

Ukraynaya ən çox yardım göstərən ikinci ölkə

Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən Almaniya həmişə Qərbdə Rusiyaya qarşı formalaşan koalisiyanın ön sıralarında dayanıb. Bu ölkədən davamlı olaraq Ukraynaya maliyyə və hərbi dəstək çağırışları gəlir. “Ukraynanın Qərbin davamlı dəstəyinə ehtiyacı var”. Bu sözlər Almaniya kansleri Olaf Şoltsa məxsusdur. Kansler bir qədər bundan əvvəl keçirdiyi məsul görüşlərindən birində deyib ki, Almaniya yardıma davam edəcək, bununla yanaşı, Avropa İttifaqında həmrəyliyə ümid edir: “Biz Ukraynaya hərbi yardım göstərməliyik. Almaniyanın indiyədək Ukraynaya göstərdiyi yardım 28 milyard avro təşkil edib. Bilirsiniz ki, Almaniya bu il 7 milyard avrodan çox büdcə ayırıb. Mənim mövqeyim ondan ibarətdir ki, biz lazım olduğu qədər dəstəyi davam etdirməliyik, bu təkcə Almaniyaya deyil, bütün Avropa İttifaqına aiddir”.

Ümumiyyətlə, Almaniya Rusiyaya qarşı Qərbdə qurulan koalisiya daxilində Ukraynaya daha çox həcmdə dəstək göstərən ikinci ölkədir. Ayrılan vəsaitlər əsasən Ukraynanın hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsinə, zirehli döyüş maşınlarının alınmasına, təlimlərə, hərbi texnikanın təmirinə və logistika məqsədlərinə yönəldilib.

Almaniya Müdafiə Nazirliyi isə Ukraynaya yardım göstərmək üçün hökumətdən əlavə 3,8 milyard avro istəyib. “Bild am Sonntag” nəşrinin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi bu maliyyə ilində Ukraynaya yardım üçün əlavə 3,8 milyard avroya ehtiyac olduğunu bildirib. Qəzet qeyd edir ki, Almaniya hökumətinin bu il Kiyevə hərbi dəstək üçün ayırdığı 7,1 milyard avrodan demək olar ki, hər şey paylanıb, yeni silah və ya sursatların alınmasına isə cəmi 300 milyon vəsait qalıb.

Olaf Şoltsun təmkinli açıqlamalarına rəğmən...

Almaniyanın Ukraynaya artan dəstəyi fonunda kansler Olaf Şoltsun Rusiyada qıcıq yaratmaqdan çəkinməsi də diqqətdən kənarda qalmır. O, Ukraynaya dəstəyin davam etdirilməsinin zəruriliyini vurğulasa da, ehtiyatlı davranmaqda da bir fayda görür. Məlum olduğu kimi, rəsmi Kiyevin əsas tələblərindən biri NATO üzrə tərəfdaşlarınin tədarük etdikləri silahlarla Rusiya ərazilərinin dərinliklərinə zərbələr endirilməsinə icazə verilməsi ilə bağlıdır. Hətta Ukraynaya dəstək üçün hərbçilərin göndərilməsi barədə da çağırışlar var. Bu çağırış özünü kollektiv Qərbin “şahini” qismində təqdim etməyə çalışan Makrondan gəlib və onun ölkəsinin Ukraynaya canlı qüvvə göndərdiyinə dair məlumatlar var. Almaniya kansleri isə bu məsələdə təmkinli davranış ortaya qoyur. O, Kiyevə canlı qüvvə ilə dəstək verilməsi çağırışlarına müsbət yanaşmadığını bildirib. “Mən Ukraynaya əsgər göndərməyəcəyəm, alman pilotları və qırıcıları ilə birlikdə Rusiya təyyarələrini və raketlərini vurmayacağam”. Bunu Olaf Şolts Saarbrükendə vətəndaşlarla görüşü zamanı deyib. “Biz Rusiya ilə NATO arasında müharibəyə səbəb olacaq heç bir iş görməyəcəyik. Və silahlarımızın Rusiya ərazisinə nüfuz etməsinə icazə verməyəcəyik”, - deyə kansler bəyan edib.

Bu arada Olaf Şoltsun “Veymar üçbucağı”nda fikir ayrılığı nümayiş etdirməsini də xatırlamaq yerinə düşər. Bu çərçivədə tərəfdaş ölkələr, xüsusilə də Fransa Almaniyadan Ukrayna üçün “Taurus” raketlərinin tədarükünü istəyib. Kansler Makronun tənqidlərinə dözümlü yanaşsa da, öz cavabı ilə onu məyus edib. Belə ki, Almaniya lideri, cavab olaraq daim vurğulayıb ki, bu uzaqmənzilli silahların Ukraynaya göndərilməsi münaqişənin daha da kəskinləşməsinə səbəb ola bilər.

Bununla belə, Almaniya kanslerinin təmkinli, açıq müharibə ritorikasından uzaq açıqlamalarına rəğmən, federal hökumət Ukrayna ordusuna verdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətləri ləğv edib. Belə ki, Almaniya Ukraynaya tədarük etdiyi silahlarla Rusiya ərazisindəki hədəflərə zərbə endirməyə icazə verib. 

Almaniya Rusiyaya qarşı açıq müharibəyə doğru?

Göründüyü kimi, kansler Olaf Şoltsun təmkinli açıqlamaları bir işə yaramır. O, hər nə qədər özünü müharibədən uzaq durmağa çalışan bir lider kimi göstərməyə çalışsa da, alt qatda Almaniyanın Rusiyaya daha sarsıdıcı zərbələr vurulmasının tərəfdarı olduğu aydın sezilir. Ukraynaya müxtəlif təyinatlı dəstəyi artırması, silahları ilə Rusiya ərazilərinin vurulmasına icazə verməsi əslində Almaniyanın bu və ya digər formada Rusiya ilə müharibəyə doğru addım atdığını deməyə əsas verir. Bir sıra nəşrlərin analitik təhlilləri və rəsmilərin açıqlamaları bu qənaəti daha da möhkəmləndirir.  “Almaniyanın rəhbərlik etdiyi Avropa Birliyi Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bunu Berlinin yüz minlərlə Qərb hərbçisini Rusiya sərhədinə köçürmək planı sübut edir”. Belə bir açıqlama ilə  “İnfoBRİCS” portalının şərhçisi Draqolyub Bosniç çıxış edib. “Deyəsən, Avropa siyasi elitası yenidən öz köhnə yollarına qayıdır. Almaniya Şərqi Avropada Rusiya təhlükəsinə qarşı çıxmaq üçün 800 min NATO əsgərini yerləşdirməyə hazırlaşır”, - deyə məqalədə qeyd olunub. Bosniç bildirib ki, Avropa Birliyi tədricən Rusiya ilə münaqişə üçün yaradılmış hərbi ittifaqa çevrilir.

Qeyd edək ki, məxfi müharibə ssenarisi barədə hələ bir neçə ay bundan əvvəl də xarici nəşrlərdə məlumatlar yayılmışdı. “Almaniya Rusiya ilə NATO arasında 2025-ci ilin yayında başlaya biləcək müharibəyə hazırlaşır”. Bu barədə Almaniyanın “Bild” nəşri Bundesverin məxfi müharibə ssenarisi sənədinə istinadən cari ilin yanvarında yazmışdı. “Bundesverin məxfi sənədinə əsasən, “X” günündə, NATO Baş Komandanı şərq cinahına 300 min əsgərin, o cümlədən 30 min Bundesver əsgərinin yerləşdirilməsi ilə bağlı əmr verəcək”, -  deyə materialda bildirilirdi. Toqquşmanın baş verə biləcəyi ən çox ehtimal olunan yer kimi isə Belarus və Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizi olaraq göstərilir.

Rəsmi qurumlardan gələn açıqlamalar mediaya sızan məxfi məlumatların həqiqiliyinə inamı artırır və müharibə ehtimallarını daha da qətiləşdirir. “Almaniya 2029-cu ilədək Rusiya ilə müharibəyə hazırlıq görməlidir”. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. “Bunun üçün Berlin kadr hazırlığına, maddi və maliyyə komponentlərinə diqqət yetirməlidir”, - deyə  nazir qeyd edib.

Pistorius deyib ki, Rusiyanın Ukraynada qələbə qazanması Berlinə Ukrayna Silahlı Qüvvələrinə hərbi və maliyyə yardımından daha baha başa gələcək. O qeyd edib ki, məcburi hərbi xidmətin bərpası Almaniya üçün aktuallaşır.

Rusiya keçmişi xatırladır...

Hələlik Rusiya rəsmiləri Almaniyadan gələn yeni müharibə xəbərlərinə bu ölkəyə keçmişi xatırlatmaqla kifayətlənirlər. “Almaniya hakimiyyətinin Rusiya ilə müharibəyə hazırlıqla bağlı bəyanatları həm Brüsseli, həm də Vaşinqtonu sevindirmək zərurəti ilə bağlıdır”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Almaniya İkinci Dünya müharibəsindən sonra suverenlik və müstəqil olmaması baxımından həmişə böyük problemlər yaşayıb. Və bu kəsir çərçivəsində, əlbəttə ki, alman hakimiyyətləri Brüsseli, “Vaşinqton partkomu”nu və NATO-da Stoltenberqi razı salmalıdırlar. Buna görə də Almaniya hakimiyyəti müxtəlif səviyyələrdə bəyanatlar vermək üçün yarışır”, - deyə Peskov bildirib.

D.Peskovun Almaniya rəsmilərinin müharibə açıqlamalarına keçmişi xatırlatmaqla cavab verməsi  ritorik bir yanaşmadır. Almaniyada müharibə ritorikasının gü?dəmə gəlməsi həm də İkinci Dünya müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq istəyindən qaynaqlandığı şübhəsizdir. Peskovun cavabı isə o anlama gəlir ki, keçmişin dərslərini unutmaq olmaz...

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
47
yeniazerbaycan.com

10Mənbələr