AZ

Qurban Qurbanov: “Yaxşı başlanğıc oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları dilə gətirib:

“Dünənki qaliblərimizə, həm “Zirə”, həm “Sabah”a uğurlar arzulayıram. Əfsuslar olsun ki, “Sumqayıt” iki oyunun yekununda məğlub oldu. Amma yaxşı oyunla mübarizəni dayandırdı.

Vacib qələbə əldə etdik. Premyer Liqada mövsümün ilk oyunu idi. Rəqibi tam yaxşı tanımırdıq. Əlimizdə çox az məlumat var idi. Amma ümumilikdə Elmar Baxşıyevin oyun sistemindən xəbərdarıq, buna uyğun hazırlaşmışdıq. Bu da özünü doğrultdu. Futbolçularımı təbrik edirəm. Yaxşı başlanğıc oldu. 4:1 hesablı qalibiyyət fərqli görünə bilər. Amma bu gün çox bərk, sonadək məğlub olmaq istəməyən komandaya qarşı oynayırdıq. İlk oyun göstərdi ki, qarşıdakı matçlara həddindən artıq ciddi yanaşmalıyıq. Komandalarımızın hər birinə uğurlar arzulayıram”.

Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rəqib olduqları Bolqarıstan çempionu “Ludoqorets” barədə də fikirlərini bildirib:

“Ludoqorets”lə Minsk “Dinamo”sunun oyununa canlı baxmışam. Bolqarıstan klubu ardıcıl 9 ildir qrup mərhələsində oynayır. Böyük təcrübə hiss olunur. Fərdi olaraq çox bacarıqlı, dinamik, sürətli, texnikalı futbolçuları var. Xüsusilə də hücum xəttində sürətli oynayırlar, bir-birini yaxşı tamamlayırlar. Çox ciddi hazırlaşmağımız tələb olunur. Komanda oyunu ilə yanaşı, fərdi, təkbətək mübarizələrdə çox diqqətli olmaq vacibdir. Əks-hücumlara hazır olmalıyıq, bunun qarşısını almalıyıq. Hiss olunur ki, baş məşqçi də çox tələb edir. Hamı üçün maraqlı oyun olacaq. Həm çox güc sərf edə bilərik, həm taktiki mübarizə gedə bilər”.

“Qarabağ”ın təzyiqindən çıxa bilmədik” – Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının yeni mövsümə ağır məğlubiyyətlə başlamasına belə münasibət bildirib:

“Təlim-məşq toplanışı zamanı komandanın bizə göstərdiyi elementlər var idi. Bu oyunda “Qarabağ” onları tətbiq etməyə imkan vermədi. Heyətimizdə çoxlu yeni futbolçu var. Turlar keçdikcə daha yaxşı oyun göstərəcəyimizə inanıram.

Bu gün “Qarabağ”ın təzyiqindən çıxa bilmədik. İşimizi davam etdiririk. Üzərimizə nə düşür, edirik, edəcəyik.

Səhvlərdən heç kim sığortalanmayıb. Tərlan Əhmədli də inandığımız qapıcıdır və qarşıdakı oyunlarda ona yenə şans verəcəyik. Bu gün komanda olaraq oyunumuz alınmadı.

Əlbəttə, öz səhvimizdən buraxdığımız birinci, ardınca “rikaşet” qolun da təsiri danılmazdır. Bu cür vəziyyətdə “Qarabağ” kimi komandaya qarşı oyunu dəyişmək, çevirmək çətin olur.
Sağlam komandamız var. Qarşıdakı görüşlərdə daha fərqli “Araz-Naxçıvan” görəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
arena.az

10Mənbələr