AZ

Tibo Kurtua Andrey Luninin “Real”dakı gələcəyi haqda fikrini bildirdi

“Real”ın belçikalı qapıçısı Tibo Kurtua komanda yoldaşı və həmkarı, ukraynalı qapıçı Andrey Luninin gələcəyi ilə bağlı fikrini paylaşıb.

Arena.az AS dərgisinə istinadən, belçikalı qapıçının bu barədə fikrini təqdim edir:

“Hər kəs doğru-düzgün hesab etdiyini seçməlidir. Onun yerinə qərar vermək mənə aid deyil. Başa düşürəm ki, o, keçən il çox oynayıb və oynamağa davam etmək istəyir. O, karyerasında ən yaxşısına nail olmaq üçün öz yolunu seçməlidir. O, əla qapıçıdır və daha yaxşısına layiqdir”, deyə Tibo Kurtua bildirib.

Vurğulayaq ki, Tibo Kurtuanın ötən mövsümün böyük hissəsini ağır zədə səbəbindən yaşıl meydanlardan kənarda keçirməsi mənzərəsində Andrey Lunin belçikalı qapıçı ilə birbaşa rəqabət aparacaq iddiaçıya çevrilib. Bununla belə, “çərçivə”də bəzən xətalara yol verən ukraynalı qapıçı “Real”ın baş məşqçisi Karlo Ançelottinin etimadını tam qazana bilməyib.

Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, “Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lunin “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb, 12 oyundan “quru” çıxıb. Luninin “Real” karyerası ümumilikdə 48 oyun, 51 buraxılmış qol və 16 “quru” oyundan ibarətdir.

Andrey Luninin qənimətlər muzeyində olan bütün qənimətlər ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Andrey Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı ukraynalı qapıçı Andrey Luninin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
arena.az

2Mənbələr