Böyük Britaniyanın bir neçə şəhəri - Bristol, Oksford, Birminhem, Brayton, eyni zamanda, paytaxt Londonda irqçiliyə qarşı etiraz aksiyaları keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, etirazçılar Britaniyaya sığınan mühacirlərin müdafiəsinə qalxıb, ölkədə son günlərdə müşahidə olunan radikal millətçi hərəkatın fəaliyyətini şiddətlə tənqid ediblər.
Fəallar “qaçqınlar xoş gəliblər”, “miqrasiya cinayət deyil”, “London irqçiliyə qarşıdır” şüarları səsləndiriblər.
Xatırladaq ki, radikal qüvvələr Sautport şəhərində 17 yaşlı mühacirin 3 azyaşlını öldürməsindən sonra etiraz aksiyalarına başlayıb, əsasən, mühacirlərin sığınacaqlarına və məscidlərə hücum ediblər. Törədilən cinayətin motivləri hələlik məlum deyil. Aksiyalar qısa müddət ərzində geniş vüsət alıb. Millətçilər çoxsaylı zorakılıq törədiblər. Etirazçılarla polis arasında qarşıdurmalarda xəsarət alanlar olub. İğtişaşları yatırmaq üçün bütün ölkədə təhlükəsizlik xidməti gücləndirilib. Zorakılıqda ittiham olunan həbs olunanların sayı 400-ü ötüb. Baş nazir Kir Starmer iğtişaşçıların qanun qarşısında cavab verəcəyini bildirib. Müxalifət isə iğtişaşlara görə hökumətin miqrasiya siyasətini tənqid edir.