“Nazirlər Kabinetinin son qərarı “Əmək pensiyaları haqqında” Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr edilir”.
Bu fikirləri VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında bildirib:
“Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçularımız üçün xidməti yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir.
“Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklər ilə bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlərlə daxilində pensiyaya çıxan hərbçilərimizin pensiyalarında artım olacaq.
Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etmir”.
V.Bayramovun sözlərinə görə, digər tərəfdən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılır:
“Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır”.