EN

Mehriban xanım Əliyeva – milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı

Milyonlarla insanın məhəbbətini qazanan, onların ümid və pənah yerinə çevrilən, ən çətin anlarında yanında olmaq mərhəmətin və xeyirxahlığın ən yüksək nöqtəsidir. Qayğı, ehtiram, alicənablıq, təvazökarlıq kimi keyfiyyətlər insana ucalıq gətirərək, özü də hiss etmədən onu ali dəyərlərin daşıyıcısına çevirir. Sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılması, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olmaq həssas münasibətdən, qayğıkeş qəlbdən qaynaqlanır. Bu və digər ali dəyərləri ilə insanların doğması tək qəbul etdiyi Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malik olması onun vətənə bağlılığından irəli gəlir. Mehriban xanım Əliyeva qazandığı nüfuzu ilə Onu sevənlərlə özü arasında mənəvi körpü salıb. Böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Onu həyat missiyasından, məramından uzaq salmır. Genişmiqyaslı layihələri ilə məsuliyyət hissini daha da artırır. Ən çətin anlarda, kədərli, hüznlü günlərdə, eləcə də xalqımızın sevincli, iftixarlı zamanlarında insanların yanında olaraq, onlarla öz fikirlərini bölüşmək əlbəttə ki, Mehriban xanım Əliyevaya ucalıq gətirir.
İctimai-siyasi, mədəni həyatda aparıcı qüvvəyə çevrilmək, əməli fəaliyyətilə böyük nüfuza sahib olmaq, örnəyə çevrilmək böyük məsuliyyət və zəhmətin bəhrəsidir. Əlbəttə ki, vətənpərvərlik, vətənə bağlılıq insanı xalqı, milləti üçün böyük amallara xidmət etməyə sövq edir.
Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin ən həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Əlamətdar haldır ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun Prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub.
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərə səfərləri zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevlə birgə olan Mehriban Əliyeva Birinci Vitse-prezident kimi, həm də birinci xanım kimi missiyasını sədaqətlə yerinə yetirir. Bu ərazilərə səfərləri zamanı Müzəffər Ordumuzun qalib əsgərləri ilə görüşlərində bir vətəndaş, ana kimi sevincini bölüşən Mehriban xanım ermənilər tərəfindən dağıdılmış tarixi abidələri, məscidləri, kilsələri ürək ağrısı ilə seyr edir. Başçılıq etdiyi Fondun dəstəyi ilə quruculuq, abadlıq işlərinin aparılacağını bildirir. Öz çıxışlarında insanları birliyə, həmrəyliyə çağıran Mehriban xanım dağıdılmış kəndləri, şəhərləri erməni vandalizminin, qəddarlığının nəticəsi adlandırır. Dünyaya erməni terrorunun, vəhşiliyinin mahiyyətini açıqlayır.
Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur.
Bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, ölkəmizdə müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində reallığa çevrilib.
Milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırdı. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir. Bütün bu işlərində ona uğurlar arzulayırıq.

image-2

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Chosen
68
2
moderator.az

3Sources