Avstraliya hökuməti “SunCable” şirkətinin günəş panelləri şəbəkəsinin quraşdırılmasını nəzərdə tutan və dəyəri 24 milyard dollar təşkil edən layihəsini təsdiqlədi. Bu plan dünyada ən böyük günəş panelləri şəbəkəsinin qurulmasını nəzərdə tutur. Belə bir iddia irəli sürülür ki, layihə Avstraliyanı “yaşıl enerji” sahəsində ön sıralara çıxaracaq. Ancaq reallıq budur ki, ada ölkə Qərbin kömürdən aktiv istifadə edən yeganə nümayəndəsi olaraq qalır.
Günəş panelləri 12,4 min hektar ərazidə yerləşdiriləcək və əldə edilən enerji kabel vasitəsilə Avstraliyanın Darvin şəhərinə, daha sonra isə 4,3 min kilometr uzunluğunda dənizaltı kabel ilə Sinqapura ötürüləcək. Layihə “Australia-Asia PowerLink” adlanır. Günəş panellərinin 17-20 QVt gücündə olacağı, rezervuarların isə 36-42 QVt-a qədər elektrik enerjisi saxlayacağı iddia edilir. Layihənin yekun təsdiqi 2027-ci ilə qədər gözlənilir və günəş enerjisi 2030-cu ildə istehsal olunmağa başlanılacaq.
Ümumiyyətlə, Avstraliya unikal Qərb ölkəsidir ki, ənənəvi olaraq təbii ehtiyatları almır, ixrac edir. Söhbət mayeləşdirilmiş təbii qaz, kömür, dəmir filizi, qızıl, nikel və neftdən gedir. Avstraliya minerallarının aktiv alıcısı da Çindir. Maraqlıdır ki, ada ölkənin elektrik enerjisinə olan tələbatının 47 faizi hələ də ən çirkli enerji mənbəyi olan kömür hesabına ödənilir. Eyni zamanda, Avstraliya alternativ enerji sahəsində də inkişaf etməyə çalışır. Bir çox avstraliyalı günəş panellərindən istifadə edir. Cənubi Avstraliyanın dağ silsilələri günəş şüaları ilə yanaşı, külək enerjisindən də aktiv istifadə etməyə imkan verir.
Bununla belə, hökumət ənənəvi enerjiyə son qoymağa da tələsmir. Ancaq yerli hökumət də anlayır ki, təmiz enerjiyə keçid gec-tez baş verməlidir. Buna görə də yuxarıda adıçəkilən layihənin həyata keçirilməsinə “yaşıl işıq” yandırıldı. Hökumətin bu addımı yaşıl enerji tərəfdarları tərəfindən də müsbət qarşılandı. Hazırda bərpa olunan enerji mənbələri ölkənin elektrik enerjisinə olan tələbatının 32 faizini təmin edir. Avstraliya hökumətinin nümayəndələri bildirirlər ki, Sinqapurla birgə layihə ada ölkənin alternativ enerji sahəsində superdövlətə çevirməyə kömək edəcək bir addımdır. Layihə 14,3 min avstraliyalını işlə də təmin edəcək.
Xüsusilə qeyd etmək lazımdır ki, hakimiyyətdə olan Leyboristlər Partiyasının müxalifəti təmsil edən Liberal Partiyası ilə kömürün necə əvəz olunacağı ilə bağlı fikir ayrılıqları var. Liberal lider Peter Datton düşünür ki, onun partiya üzvləri ölkədə ilk atom elektrik stansiyası tikməyi planlaşdırırlar. Ancaq leyboristlər nüvə enerjisi əvəzinə “yaşıl” enerjiyə tam keçidə üstünlük verirlər. İndiyə qədər avstraliyalıları daha çox solçu qüvvələri dsətəkləyirlər. Bundan başqa, hər tərəfdən okeanlarla əhatə olunmuş Avstraliya, xüsusən də əhalisinin böyük əksəriyyətinin sahil zonalarında yaşadığını nəzərə alsaq, iqlim dəyişikliyindən digər ölkələrə nisbətən daha çox əziyyət çəkmək riski daşıyır. Ona görə də ada ölkənin sakinləri nüvə enerjisi ideyasına o qədər də isti baxmırlar. Buna görə də, Avstraliyada enerji sahəsində “yaşıllaşması” prosesinin qarşıdakı illərdə daha da intensivləşəcəyini gözləmək olar.
S.ELAY
XQ