EN

Polisə yalan məlumat verib 3 nəfərin həbs olunmasını istəyirdi - Özü saxlanıldı

Polisə bilərəkdən quldurluq cinayəti barədə yalan məlumat verən şəxs saxlanılıb.

Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avqustun 25-də vətəndaş Mərhəmət Mehdiyev 102 Xidməti-Zəng mərkəzi və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edərək "Əbdül", "Tofiq" və "Taleh" adlı şəxslər tərəfindən avtomaşına əyləşdirilib başına beşbarmaqla vurularaq 164 manatının və mobil telefonunun əlindən zorla alınması barədə məlumat verib.

Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

M.Mehdiyevin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tofiq Tağıyev və Əbdül Məmmədov müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində qeyd olunanları inkar edərək M.Mehdiyevə qarşı heç bir cinayət əməli törətmədiklərini, onun pulunu və telefonunu əlindən almadıqlarını bildiriblər.

Həyata keçirilən əlavə istintaq hərəkətləri zamanı M.Mehdiyev ilkin ifadəsində qeyd etdiklərinin tam əksinə olaraq həmin şəxslər tərəfindən ona qarşı heç bir zorakılığın olmadığını, pulunun və mobil telefonunun əlindən alınmadığını bildirib. O, aralarında əvvəllər olmuş narazılıqlarla bağlı həmin şəxslərin həbs olunmasını istədiyini və buna görə də bilərəkdən ağır cinayət hadisəsi barədə polisə yalan məlumat verdiyini qeyd edib.

İş üzrə Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə başlanan Cinayət İşi həmin məcəllənin 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddəsinə tövsif olunub. T.Tağıyev və Ə.Məmmədov sərbəst buraxılıb.

M.Mehdiyev isə Cinayət Məcəlləsinun 296.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 
Chosen
88
50
oxu24.com

10Sources