EN

Milli qəzetçiliyimizin bayraqdarı

“Xalq qəzeti” xüsusi missiya daşıyan gündəlik ictimai-siya­si mətbu nəşrdir. Ötən 105 il bu missiyanın şərəfli və qürur dolu mənzərələri ilə zəngindir. Nəşr 1919-cu ildə “Kommu­nist” adlı ilə fəaliyyətə baş­lamasına baxmayaraq, son­rakı illərdə xalqımızın köklü maraqlarına dərin bağlılığı ilə anadilli mətbuatımızın maarifçilik və demokratik ənənələrinə sadiq qalıb, mil­li-mənəvi dəyərlərimizin qo­runub yaşadılmasına xidmət edib. Sovet dövrünün sərt real­lıqları fonunda belə bir fəaliyyət yurdsevərlik və fədakarlıq tələb edirdi. 

“Xalq qəzeti”nin sələfi “Kommunist” qəzeti partiya təmayüllü mətbuat orqanı olub, lakin xalqın milli mənafeyinə xidmət edən yazılara həmişə geniş yer verib. Bu mətbu məram 1969-cu ildə Ulu öndər Heydər Əliyevin respublikamızda birinci rəhbərliyə başlamasından sonra özünü daha geniş miqyasda və parlaq nümunələrdə təcəssüm etdirib. Mətbu sözə müstəsna önəm verən dahi şəxsiyyətin yaratdığı yumşalma şəraitində qəzet dövrün antimilli baxış və basqılarından uzaqlaşıb. Bu ona cəmiyyətdə populyarlıq qazandırırıb. Nəticədə qəzet və onun milli düşüncəli əməkdaşları ötən əsrin 80-ci illərində vüsət almış milli azadlıq hərəkatının da ön cərgələrində da­yandılar və yaradıcı fədakarlıq göstərdilər. 

“Xalq qəzeti” müstəqillik illərində də özünü əsl jurnalistika məktəbi, ictimai fikir mərkəzi kimi təsdiqləməyi bacardı. Nəşr fəaliyyəti ilə tarixi ənənələrini qorudu, həm də müasir media çağırışlarına fəal cavab verdi. Redaksiyanın ötən 105 ildəki fəaliyyətinə nəzər salarkən onun ölkə həyatı­nın əhatəli və mötəbər salnaməsini yaratdığını görürük. İnanırıq ki, bu mi­silsiz mətbu qaynaq qarşıdakı illərdə daha da zənginləşəcək. Çünki “Xalq qəzeti”nin peşəkar kollektivi yurdsevərlikdən güc almaqla mənsub olduq­ları media məktəbinin yeniləşməsinə töhfələrini gündən-günə artırır. 

Qocaman qəzetin yaradıcı heyətini yubiley münasibətilə səmimi təbrik edir, milli mətbuatın bayraqdar nəşrinə məsul və şərəfli fəaliyyətində yeni uğurlar arzulayıram. 

Əhməd İSMAYILOV,
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru

Chosen
159
xalqqazeti.az

1Sources