EN

Kamilla Verdiyeva yeni blogerlərə daha çox sevgi ab-havası yaratmağı məsləhət görür

Kamilla

Bakı, 29 avqust, AZƏRTAC

AZƏRTAC Azərbaycanın populyar blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Budəfəki həmsöhbətimiz sahibkar, “Azerbaijan Dance Association”un vitse-prezidenti, “layfstayl” mövzusunda bloq yaradan Kamilla Verdiyevadır. O, blogerlik fəaliyyəti barəsində danışıb, habelə bu sahədə çalışmaq istəyən gənclərə məsləhətlər verib.

-Kamilla xanım, blogerlik fəaliyyətinə necə başladınız? Bloqunuzun uğur qazanmasının səbəbi nədir?

-Düzünü desəm, blogerliyə başlamağımla bağlı elə də yaddaqalan tarixçəm yoxdur. Bunu bloq da adlandırmaqda çətinlik çəkirəm, çünki insanı bloger, inflyuenser, ictimai şəxsiyyət və sairə kimi xarakterizə edən müəyyən meyarlar var. Uzun illərdir biznes sahələri və müxtəlif layihələr üzrə ictimai şəxs kimi tanınmağımı nəzərə alaraq, deyə bilərəm ki, mənim səhifə açmağım bu fəaliyyətlərin fonunda daha asan oldu.

Buna uyğun olaraq, “bloqun” uğuru uzun illərdir ki, fəaliyyətimlə bağlı qazandığım adla bağlıdır. Belə ki, adımın keyfiyyət, peşəkarlıq və səviyyə ilə bağlı olmasına nail oldum. Bir layihə, məhsul, xidmət və ya sadəcə bir hadisə ilə əlaqədar səviyyənin yüksək olmasına diqqət yetirmişəm. Yəqin ki, buna görə də mənə ancaq lüks və orta lüks məhsulları reklam etməyi təklif edirlər. Düzdür, sosial şəbəkələrdə aktiv qalmaq üçün çox tənbələm. Yəqin ki, bunun işdən daha çox hobbim olduğu üçündür.

- Blogerliklə biznesi birləşdirmək çətindir? Bu gün bir iş adamı üçün bloger olmaq vacibdirmi?

- Onları birləşdirmək çox çətindir. Ona görə də “Instagram” səhifəmi istədiyim səviyyədə idarə edə bilmirəm. Gündəlik vaxtımı alan bir neçə biznes sahəsi var və onları sosial şəbəkələrdə paylaşmağı lazımsız və gülünc hesab edirəm. Ümumiyyətlə, sosial şəbəkələrdə hansısa uğurlu iş adamı olduqlarını nümayiş etdirməyə çalışan, sənədlərə imza atdıqları və ya ciddi sifətlə oturaraq videolarını yerləşdirən insanlara baxmaq mənim üçün gülməlidir. Məncə, “Instagram” bununla bağlı deyil. O, motivasiya etməli, əhvalınızı yüksəltməli, gözü sevindirməli, sizi yeni tendensiyalar haqqında düşünməyə vadar etməli, maraqlı xəbərlər verməlidir. Buna görə də işdəki gündəlik stresə, gərgin qrafikimə rəğmən, - mənim də ailəm, şəxsi həyatım var, baxmayaraq ki, yuxarıda göstərilən səbəblərdən ötrü lovğalıq etməsəm də, - hər gün sosial şəbəkələrdə ən pozitiv ab-hava yaratmağa çalışıram. maraqlı xəbərləri və əlbəttə ki, moda tendensiyasını təqdim edirəm. Axı mənim bloqum həyat tərzi (“Lifestyle” - müəllif) haqqındadır.

- Bizdə qadın sahibkar olmaq çətindir?

- Qadın sahibkarlar uzun müddətdir ki, heç kimi təəcübləndirmir. Bilmirəm niyə bu mövzuya bu qədər önəm verilir, çünki qadınlar uzun müddətdir işləyir və bizneslə məşğuldurlar. Azərbaycanda bunun üçün hər cür şərait var. Bir çox ölkələrdən və mədəniyyətlərdən fərqli olaraq, qadına hörmət yəqin ki, DNT səviyyəsində artıq bizə aşılanıb. Mən təkcə Azərbaycanda bizneslə məşğul olmuram və əminliklə deyə bilərəm ki, qadınlara münasibət baxımından ölkəmizi dünyanın heç bir yeri ilə müqayisə etmək olmaz. Digər cəhətlərə gəlincə, burada da qadın-kişi ayrı-seçkiliyi yoxdur.

- Rəqs sənəti ilə bağlı da fəaliyyət göstərirsiniz - Azərbaycan Rəqs Assosiasiyasının vitse-prezidentisiniz və Azərbaycanda Rəqs Festivalının təşkilində iştirak edirsiniz. Bu fəaliyyət haqqında bizə ətraflı məlumat verərdiniz...

- Rəqs mənim üçün ağrılı mövzudur, çünki özüm uşaqlıqdan bal rəqsləri ilə məşğul olmuşam. Yeri gəlmişkən, mən dəfələrlə Azərbaycan çempionu titulunu qazanmışam. Ümumiyyətlə, o zaman bu sahə bizdə kifayət qədər yüksək səviyyədə idi. Təəssüf ki, bu idman növündə inkişaf əvəzinə geriləmə baş verib və biz birlikdə onu dirçəltməyə çalışırıq. Tennis, qolf, qılıncoynatma və atçılıqla yanaşı, idman bal rəqsi nüfuzlu olması baxımından ən yüksək idman növlərindən biridir. Keçən il biz 42 ölkənin və tanınmış münsiflərin iştirakı ilə dəbdəbəli tədbir keçirdik, onlar rəqqaslara ustad dərsləri keçirdilər. Bu il rəqs festival-çempionatı yenidən oktyabr ayında keçiriləcək. Bu dəfə 50-yə yaxın ölkə iştirak edəcək. Mən bunu böyük uğur hesab edirəm. Bütün bu insanlar ölkəmizə uçur və sadəcə olaraq şəhərimizə, mədəniyyətimizə və adət-ənənələrimizə heyran olurlar. Həmçinin bu il festivalın proqramına salsa, baçata və Argentina tanqosu üzrə Azərbaycan milli çempionatları daxildir, çünki bizim sosial rəqs komitəmiz də fəaliyyət göstərir. Ümumiyyətlə, məqsədimiz Azərbaycanda bütün üslubların bədii rəqslərini canlandırmaqdır.

- Azərbaycanda blogerliyin vəziyyətini və səviyyəsini necə qiymətləndirə bilərsiniz?

- Mütəxəssis olmadığım üçün vəziyyəti və səviyyəni qiymətləndirmək mənim üçün çətindir. Əslində, blogerlərimiz uzun müddətdir ki, tanınmış “layfstayl” səhifələrində yer alırlar. Ona görə də düşünürəm ki, biz inkişaf istiqamətində yaxşı irəliləyirik.

- Bütövlükdə bu sahənin gələcəyini necə görürsünüz, sizcə, blogerlik yaxın 5-10 ildə necə inkişaf edəcək?

- Deməliyəm ki, 5-10 ildən sonra blogerliklə bağlı qeyri-müəyyən şübhələrim var. Şübhələrim “AI Social Media”nın (Sosial şəbəkələrdə süni intellekt – müəllif) yaranması ilə bağlıdır. Bu gün süni intellekt səhifələri istər model, istər aktyor, istərsə də hazır AI modelləri olan brendlər üçün mükəmməl reklamlar təqdim edir, onlar sosial şəbəkələrdə təbliğ olunur. Hətta ekspert rəyləri də indi AI səhifələrindən gəlir. Yəqin ki, dünya miqyasında müxtəlif tanınmış tədbirlərdə iştirak edənlər yalnız inflyuserlər olacaq.

- Bloger olmaq istəyən, lakin haradan başlayacağını və necə davranacağını bilməyən insanlara nələri məsləhət görərdiniz?

- Əsas məsləhətim odur ki, hər şeyi ürəkdən edin ki, sünilik, iddiaçılıq hissi olmasın. Bloqunuzun, mövzunun, xarakterinizin aydın xətti üzərində düşünün və heç vaxt özünüzə zidd getməyin. Əgər sağlam həyat tərzinin tərəfdarısınızsa, məsələn, alkoqol və ya siqaretlə bağlı reklamları və ya mesajları istisna edin. Daha çox sevgi, daha az nifrət! Amma bəzən sonuncuya da ehtiyac olur. (Gülür.)

- Öz biznesini qurmaq istəyənlərə də bəzi məsləhətlər verin.

- Biznesə necə başlamaq barədə məsləhətlər kifayət qədər sadədir. Əvvəlcə özünüz anlayın ki, bu işə həqiqətən ehtiyacınız varmı, yoxsa sizi başqa bir motiv idarə edir. Bunu müəyyən etdikdən sonra strategiya öz-özünə yaranacaq. Əlbəttə ki, bütün bunlar təhsiliniz, zəkanız və şansınız varsa nəticə verəcəkdir! Həm də bəxtin gətirməlidir.

- Kamilla xanım, gəlin eksperiment edək! Başa düşürəm ki, bu çox qəribə səslənəcək, amma təsəvvür edin ki, sizə məsləhət almaq üçün gəlmişəm - öz işimi açmaq istəyirəm, amma hansı növ olduğunu bilmirəm. Sizcə, mənə hansı biznes sahəsi uyğun gələrdi?

- Burda anlamaq lazımdır ki, nəyi sevirsən, səni nə maraqlandırır...

- Mən insanları sevirəm, onları bir yerə toplayıb bir-biri ilə tanış etməyi sevirəm... Mədəniyyətlə bağlı tədbirləri sevirəm, sənəti həqiqətən sevirəm, yaradıcılıq tapşırıqlarını sevirəm... Kiçik və rahat olan hər şeyi sevirəm!

- Yaxşı, siz mənə ortaq maraqları olan insanların daxil olduğu kiçik bir klub təsvir etdiniz. Yeni mədəniyyətlərin və adət-ənənələrin öyrənilməsi ilə bağlı unudulmaz səyahətlər təşkil etmək üçün təkrar səfərlər, turizm operatorları ilə əməkdaşlıq variantları var. Məncə, belə bir fəaliyyət sahəsi sizə uyğun gələcək.

- Zənnimcə, bu, həqiqətən də maraqlıdır... Çox sağ olun, mənim fikrimcə, eksperimentimiz uğurlu alındı!

- İştirak etdiyimə şad oldum! (Gülür.)

Chosen
132
azertag.az

1Sources