EN

36 yaşlı kişi ögey anasını əsa ilə döydü

Şabran rayonunda 1988-ci il təvəllüdlü Cəmil ailə münaqişəsi zəminində yaranan ögey anası Nərgiləyə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şabran rayonunun Əmirxanlı kəndi ərazisində baş verib. Cəmil ögey anası Nərgilə ilə aralarında şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı əlində olan dəmir əsası ilə onun başına və sol qoluna vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Cəmilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2005-ci ildə anası xəstəlikdən vəfat edib və atası keçən il öz həmkəndliləri olan Nərgilə ilə ikinci dəfə ailə qurub: “Mən Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən atama məxsus köhnə evdə tək qalıram. 2023-cü ilin martında Şabran rayonunun Əmirxanlı kəndi ərazisində mağazaya gedərkən yolda öz ehtiyatsızlıqdan yıxılaraq sağ baldır nahiyəmdən sınıq xəsarəti aldım. Bu səbəbdən də müəyyən müddət iş qabiliyyətim olmadı, əsa ilə gəzdim, özüm-özümə qulluq edə bilmədim. Atam da həmin müddətdə mənə kömək göstərmədi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 21:00-da  ata evinin qarşısında oturaraq vaxtını keçirdiyi zaman atasının evdən bayıra çıxdığını görüb: “Atama yaxınlaşaraq “gedib kənddə mağazalarda arxamca danışmısan, məndə sənin oğlunam, məni evdən çıxarıb atdın bayıra, yenə də əl çəkmirsən” sözlərini dedim. Bunun üstündə atam ilə aramızda mübahisə yarandı. Bir-birlərimizə yaxalaşdıq, sonradan səs-küyə ögey anam Nərgilə darvazadan bayıra çıxdı. Bizə tərəf gələrək “nə olub, yenə də nə gəzirsən burda” dedi. Üstümə hücum çəkdi. Nərgiləyə “özümüz bilərik sənlik deyil, çıx get burdan” dedim. Nərgilə evə qaçaraq darvazanın arxasından ağac götürərək üstümə hücum çəkdi. Nərgilə əlindəki ağacla başıma vurmaq istədi. Mən isə əlimdəki əsa ilə özümü müdafiə etmək istədim. Lakin əlimdəki əsa Nərgilənin başına dəydi. Bundan sonra Nərgilə başını tutub evə qaçdı. Mən də hadisə yerindən uzaqlaşaraq evə getdim. Sonradan səs-küy gəldiyini gördüm. Yenidən ora qayıdanda Nərgilənin anasının da orda olduğunu, təcili yardım maşını gəldiyini gördüm. Həmin hadisə zamanı orada yaxın qonşulardan Qadir və bacısı orada olub. Nərgilə ilə barışmaq istəsəm də, sonuncu mənimlə barışmaq istəmir”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərgilənin sözlərinə görə, bir il bundan əvvəl Şabran rayonunun Əmirxanlı kənd sakini Şamil ilə rəsmi nikahla ailə qurub və 3 ay olar ki, əkiz övladları anadan olub: “Əvvəllər də tüfeyli həyat sürən ögey oğlum Cəmil ilə aramızda söz söhbət olub. Hətta bu barədə Şabran Rayon Polis Şöbəsinə şikayət ərizəsi də yazmışam. Müraciətim əsasında araşdırma aparıldı. Buna baxmayaraq Cəmil mənimlə ədavət aparmağa davam etdi”.

Nərgilə qeyd edib ki, hadisə günü, saat 21:00-da evdə olduğu zaman həyətdə səs-küy eşidib və bayıra çıxanda Cəmilin atası Şamil ilə mübahisə etdiyini görüb: “Cəmilin ünvanıma nalayiq söyüşlər söyərək, atasına “sən evi arvadının adına keçirəcəksən” dediyini eşitdim. Cəmilə yaxınlaşaraq ona öz iradımı bildirdim, Şamili niyə söyüb təhqir etdiyini soruşdum. Cəmil cavabında “yaxşı edirəm” dedi. Mənim ünvanıma təkrar nalayiq ifadələr işlədərək əlindəki əsa ilə başıma və sol qoluma vurdu. Cəmilin məni vurması nəticəsində başımdan qan axmağa başladı. Özümü pis hiss etdiyim üçün huşumu itirdim. Ərim Şamil bunu gördü və Cəmili məndən uzaqlaşdıraraq təcili yardıma zəng etdi. Təcili tibbi yardım əməkdaşları yaşadığımız ünvana gələrək məni Şabran Rayon Mərkəzi Xəstəxanasına apardılar. Xəstəxanada baş nahiyəmdə yarılmış yerə tikiş, sol qoluma isə gips qoydular”. 

Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə aralarında dəfələrlə münaqişələrin yarandığını, sonuncunun onu mütəmadi olaraq söyüb təhqir etdiyini və təqsirləndirilən şəxs ilə barışmaq niyyətində olmadığını bildirib.

Bu cinayət işinə Şabran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəmil 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilib. Onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclas zalından həbs edilib. 

Fariz Məlikli
Demokrat.az
Chosen
152
50
demokrat.az

10Sources