Məqsədlərinə gedən yolda nə relyefi dərd ediblər, nə də havanı. Nə qar onlara əngəl olub, nə də boran. Belə ki, bu il ucqar dağ kəndində yerləşən orta məktəbin 12 məzunundan 11-i ali təhsil müəssisələrinə qəbul olub. Yardımlı rayonu Şəfəqli kənd Ş.Şabiyev adına tam orta məktəbin məzunlarından dördü qız, yeddisi oğlan olmaqla, tələbə adını qazanıblar.
Ucqar kənd məktəbində yüksək nəticə göstərərək seçilməyi fərqlənən məktəbin direktoru Ramin Qənbərovla söhbətləşdik.
Onların hər biri məktəbdə hazırlaşıb
Ramin müəllim “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, şagirdlərin hər biri məktəbin müəllimləri ilə hazırlaşıb, ciddi əmək sərf edərək bu nəticəyə nail olublar: “Yardımlı şəhər Şəfəqli kəndində şagirdlərin xüsusi olaraq hazırlaşması üçün heç bir təhsil kursu yoxdur. Ucqar kənd məktəbi olduğu üçün şagirdlərin imkanları da dar çərçivədə olub. Bu uğur şagirdlərin, müəllimlərin, valideynlərin birlikdə əməyinin nəticəsidir. Bu zəhmətkeş şagirdlərin hər biri ilə fəxr edirik”.
“Savadlı qadın, savadlı cəmiyyətdir”
Direktoru sevindirən ikinci əsas amil isə, kənddə qızların da təhsilə marağının olması, valideynləri tərəfindən dəstəklənməsidir: “Bilirsiniz ki, kənd məktəblərində qızlarla bağlı problemlər var idi. Bundan bir neçə il öncəsinə qədər onlar təhsildən yayındırılır, məhz qadın olduqları üçün valideynləri tərəfindən təhsil almaq hüquqları əllərindən alınır, bəzi hallarda erkən nikaha məcbur edilirdilər. Biz də bununla mübarizə aparmışıq. Sevindirici haldır ki, bu il qəbul olan şagirdlərin dördü qızdır. Bu mərhələyə gəlmək üçün kollektivimizlə birlikdə valideynlərlə mütəmadi olaraq işləmişik. Ən əsas vəzifələrimizdən biri qız uşaqlarının təhsildən yayındırılmasının qarşısını almaq, erkən nikahlarla mübarizə idi. Bunun üçün kollektiv olaraq onlarla söhbətlər aparır, qızları tədbirlərə cəlb edirdik. Hətta kənddə qızların voleybol komandasını belə yaratdıq. Ona görə də qızların bu nəticəsi məni ikiqat sevindirir. Ötən il də 11 nəfər məzunumuzdan yeddisi ali məktəbə qəbul oldu, onlardan üçü qız idi. Savadlı qadın savadlı cəmiyyətdir”.
Direktor deyir ki, bu məktəbdə təhsildən yayınan şagird olmayıb: “Biz hansısa şagirdin bir neçə gün ard-arda gəlmədiyini müşahidə edən kimi, valideyni ilə təmasa keçir, təhsilin vacibliyini, məcburiliyini izah edirdik. Kənd yerlərində valideynlər müəllimlərin fikirlərinə etimad göstərir, etibar edirlər”.
"Şagirdlərimiz nə relyefi dərd edib, nə də havanı..."