Kreml Kursk biabırçılığının Putinin nüfuzuna təsirini necə azaldacaq?
“Görünür, Kreml öz daxili auditoriyasına Ukrayna qoşunlarını Kurskdan təcili çıxarmaqdansa Ukraynanın şərqində hücum əməliyyatlarına üstünlük verməsini əsaslandırmaq məqsədi daşıyan mürəkkəb kampaniyaya başlayıb. Bununla bağlı əhalinin narazılıqlarını qismən etiraf etmək həmin kampaniyanın tərkib hissəsi ola bilər”.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Mütəxəssislər qeyd edirlər ki, keçirdikləri son rəy sorğularının nəticələrini dərc edən Kremlə yaxın mərkəzlər bilərəkdən Kurskdakı əməliyyatla bağlı əhalinin hakimiyyətdən narazılığının artmasını etiraf edirlər. Bununla obyektivlik görüntüsü yaradırlar. Lakin həm də bilərəkdən bu narazılığın səviyyəsini kiçildirlər.
ISW hesab edir ki, bu, düşünülmüş təbliğat oyunudur: “Əhalinin narazılığının məhdud şəkildə qəbul edilməsi bu kampaniyanın bir hissəsidir”.
Ekspertlərin fikrincə, Kreml Kursk vilayətindəki vəziyyətlə əlaqədar Vladimir Putinin reytinqinin aşağı düşməsinə haqq qazandırmaq üçün kompleks informasiya kampaniyası aparır. Onlar qeyd edirlər ki, Rusiya dövlət sosioloji agentlikləri Ukraynanın Kursku işğal etməsi fonunda ruslar arasında Putinə qarşı narazılığın çox deyil, “müəyyən qədər” artdığını etiraf edir.
Rusiyanın dövlət sosioloji qurumu olan İctimai Rəy Fondu avqustun 30-da keçirdiyi son sorğunun nəticələrini dərc edib. Həmin nəticələrdə etiraf olunur ki, respondentlərin 28%-i son bir ayda Rusiya hakimiyyətinin hərəkətlərindən qəzəb və ya narazılıq ifadə edib. Bu, həmin fondun iyulun 28-də keçirdiyi sorğunun nəticəsindən 25 faiz çoxdur.
Eyni zamanda etiraf olunur ki, Putindən narazılıq ilk dəfə 2022-ci ilin noyabrında keçirilən səfərbərlikdən sonra “rekord həddə” çoxalıb. Laskin ISW qeyd edir ki, bu zaman sorğunun nəticələri obyektivlikdən uzaqdır və narazılığın gerçək səviyyəsi gizlədilir, kiçildilir. Yəni, narazılığın artdığı, Putinin reytinqinin düşdüyü etiraf olunur, bununla obyektivlik görüntüsü yaradılır, lakin narazılığın gerçək səviyyəsi kiçildilir.
Belə ki, Rusiya dövlət İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTSİOM) qeyd edib ki, 12-18 avqust tarixləri arasında Putinin reytinqi 3,5 faiz azalaraq 73,6 faiz(!) təşkil edib. Yəni, Putinin reytinqində guya cəmi 3.5 faizlik düşüş var. 3 günə Kiyevin alınacağını vəd edən, lakin 3 ilə yaxındır qanlı müharibəni davam ettdirən, Ukrayna ilə yanaşı, Rusiyanız özünə də ağır zərbələr vuran bir hakimiyyətin başında duran şəxsin reytinqinin 73.6 faiz olması əlbəttə ki, tragikomik təsir bağışlayır və həqiqətlə qətiyyən uzlaşmır.
Bununla yanaşı, ISW qeyd edir ki, hətta bu göstərici də Putinin reytinqində Kreml sosioloqları tərəfindən etiraf olunan rekord enişdir: “Rusiya dövlət sosioloji qurumları tərəfindən aparılan bu sorğular xüsusilə kəskin narazılıqları göstərmir və Rusiya cəmiyyətindəki real əhval-ruhiyyənin etibarlı əksi deyil. Lakin sorğular göstərir ki, Kreml Ukraynanın Kursk bölgəsini işğal etməyə başlamasından sonra ictimai narazılığın artdığını qəbul etmək məcburiyyətindədir”.
İcmalda qeyd edilir ki, Kremlin fikrincə, ictimai narazılığın məhdud şəkildə etiraf edilməsi onu Rusiya ictimaiyyətinin Kurskla bağlı narahatlığına məhəl qoymamaq ittihamlarından qoruyacaq.
Bir sözlə, Kreml təbliğatçılarının qarşısında çətin vəzifə durur – Putinin reytinq çöküşünü gizlətmək və Kursk uğursuzluğunun təsirini azaltmaq. Rusiya cəmiyyətinin biganəliyini, süstlüyünü və imperiyaçılıq xəstəliyini nəzərə alsaq, Putinin təbliğatçılarının bu vəzifənin də öhdəsindən gələ biləcəyi ehtimalı heç də az deyil…
C.Məmmədov
“AzPolitika.info”