Avqustun 30-da saat 22:55-ə yaxın Ermənistanın Metsamordakı Atom Elektrik Stansiyası ölkənin enerji sistemindən ayrılıb. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib. Buna ildırım zərbəsi səbəb olub, nəticədə stansiyanın təhlükəsizlik sistemi stansiyanı təhlükəsiz dayanma rejiminə keçirib. Hazırda stansiyanın kollektivi onun yenidən işə salınması ilə məşğuldur.
Metsamor Atom Elektrik Stansiyası uzun illərdir qlobal təhlükə yaradır. Azərbaycan və Türkiyə bu köhnəlmiş, tükənmiş nüvə stansiyasının işinin dayandırılmasını dəfələrlə tələb ediblər. Metsamor Atom Elektrik Stansiyasında yaranmış təhlükəli vəziyyət təkcə region dövlətlərini yox, Ermənistan əhalisini də narahat etməlidir.
2006-cı ildə Ermənistan hökuməti elan etdi ki, Atom Elektrik Stansiyasının istismar müddəti 2016-cı ildə başa çatır. 2011-ci ildə səkkiz ölkənin (ABŞ, Böyük Britaniya, Fransa, Macarıstan, Finlandiya və digərləri) ekspertlərindən ibarət Beynəlxalq Atom Enerjisi Agentliyinin himayəsi altında fəaliyyət göstərən OSART Komissiyası (istismarın təhlükəsizliyinin qiymətləndirilməsinə nəzarət qrupu) Metsamor Atom Elektrik Stansiyasında yoxlama apardı. Yekun bəyanat ondan ibarət idi ki, stansiyanın istismarı böyük risk daşıyır.
Avropa İttifaqı müasir beynəlxalq təhlükəsizlik meyarlarına uyğun gəlməməsi səbəbindən Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını tələb edir və yeni, beynəlxalq təhlükəsizlik standartlarına uyğun Atom Elektrik Stansiyasının inşasına israr edir. Avropa İttifaqı həmçinin mövcud stansiyanın konservasiyası üçün 220 milyon avro ayırmağa hazır olduğunu bildirir.
Yerevanda şikayət edirlər ki, yeni Atom Elektrik Stansiyasının tikintisinə beş milyard dollar lazımdır.