"Qarabağ" Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Fürsətdən istifadə edib "Zirə"nin bütün kollektivinə, Rəşad Sadıqova, rəhbərliyinə təşəkkür etmək istəyirəm. Avrokuboklarda ölkəmizin reytinqinə nə qədər xallar əlavə etdilər. Bu, Azərbaycan futbolu üçün böyük işdir. Çox böyük təcrübə topladılar, yeni Avropa komandası yaratdılar. Azərbaycanlı olaraq təşəkkür edirəm hər birinə. Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Aktiv oyun izlədik. Avropa təcrübəsi çempionat oyununa fayda verdi. Üstünlüyümüz oldu. İstirahət üçün bir gün vaxtımız çox idi. "Zirə" bizdən bir gün az istirahət etdi. Daha dinamik, daha sürətli oyun olardı. Hər iki komandaya təşəkkür düşür. Azarkeşlərimizə də təşəkkür edirəm. Bakıdan kənarda olsa da, bizə dəstək oldular. Bir neçə oyunçumuz istirahət edəcək, bəziləri milliyə yollanacaq. Uğurlar arzulayıranm
- Avropa Liqasındakı rəqiblər barədə fikriniz necədir? Yeni format ürəyinizcədir?
- Tam dəyərləndirməmişəm. Maraqlı formatdı. Pley-offsuz minimum 8 oyun keçirəcəyik. Sonra necə olacaq, onu zaman göstərəcək. Maraqlıdır. 8 fərqli komandaya qarşı oynayacağıq. Azarkeşlər üçün maraqlı olacaq. Bizim üçün isə daha çətin olacaq. Rəqibləri oyundan-oyuna tanıyacağıq. Bu da işimizə mane ola bilər. Təqvim hamı üçün eynidir. Yaxşı komandalar var. Çempionlar Liqası səviyyəsində komandalarla qarşılaşacağıq. Sanki orada oynamağa layiqdirlər. Turnir ilk dəfə belə formatda keçirilir. Görək necə olacaq. Çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək.
- "Qarabağ"a UEFA-dan 8,6 milyon avro pul daxil olub. Onu necə xərcləyəcəksiz?
- Pul elə qüvvədir ki, gəlir və həmən gedir. Futbol fəaliyyətinə baxsaq, böyük köməkdir. Amma bu klubun bütün problemlərini həll edir demək deyil. Kənardan daha rahat görünə bilər. Minimum 4 səfərimiz var. Hərəsi nə qədər pul deməkdir. Çarter reysi var, oteli var, qonaqları var. İlboyu hər gün pul gedir, futbolçular, səfər, qidalanmaq, işçilərin maaşı. Pul köməkdir. Amma ondan daha çox xərclərimiz olur. Rəhbərliyimizi yaxşı tanıyıram. Pul "Qarabağ"dan başqa heç yerə getməyəcək. Heç bir narahatlığa səbə yoxdur.
- Juninyo sanki son mçatçlarda laqeyd görünür. Niyə belədir?
- Ola bilər. Bəzi epizodlarda hansısa diqqətsizlik olur. Amma rəqibləri də nəzərə almaq lazımdır. Ona çox ciddi yanaşırlar. Öz çempionatımızda da, avrokuboklarda da. Hər bir futbolçu ilə danışığımız olur. Futbolçu nə qədər uğurlu il keçirirsə, ona qarşı diqqət çox böyüyür. Bir yolu var, idman formasını daha da yaxşılaşdırmaq. Bunun üzərində mən başda olmaqla, məşqçilərin üzərinə böyük iş düşür. Ələlxüsus da fiziki hazırlıq üzrə məşqçilərin. Digər tərəfdən, bəzən hansısa hədəfə çata bilməyəndə, əldə etməyəndə, bir az istəksizlik olur. Ola bilər ki, son iki oyunda qol vura bilmədi. ÇL-in qrupuna düşmək istəyirdi. Ola bilər ki, bu təsir etdi. Juninyonun potensialı var. Onu daha da yaxşı futbolçu etmək potensialı var. Qarşıda daha yaxşı Juninyo görəcəyik və görməliyik də.
- Avropa Liqasının komandalarından hansı ilə səfərdə, hansı ilə evdə qarşılaşmaq istəyərdiz? "Totenhem" və ya "Olimpiakos"la görüşlər...
- Bəlkə, saniyə olaraq beynimə gəlib-gedir ki, evdə oynasaq daha yaxşı olardı. Özüm üçün yox, azarkeşlər üçün. Ulduz futbolçuları canlı görərdilər. Belə oyunlarda təcrübə toplamaq, böyük futbolu hiss etmək faydalıdır. Bu haqda çox da düşünmürəm. Belə olubsa, demək, belə də olmalı idi.
- Emmanuel Addai haqda hansı fikirdəsiz?
- Normal dəyərləndirirəm. Rəqibimiz asan komanda deyildi. Addainin ilk oyunu idi. Son 3 ayda ilk oyununa çıxırdı. 80 dəqiqə meydanda oldu. Bundan əvvəl öz komandasında 45 dəqiqə yoldaşlıq görüşündə iştirak etmişdi. Bir matçda da 60 dəqiqə oynamışdı. Fiziki göstəriciləri və komanda oyununa görə razı qaldım.
- Avropa Liqasında rəqibiniz olan "Tottenhem"i canlı izləmək üçün İngiltərəyə gedəcəksiz?
- Fikrimdə var. Biz nə qədər televiziya vasitəsilə izləsək də, canlı görmək başqadı. Oyun sistemini anlayırsan, futbolçuların sürətini, qabiliyyətini canlı görmək əlavə üstünlükdür. "Tottenhem" güclü olsa belə, onları daha da yaxından tanımaq vacibdir. Hər rəqibin oyununa baxmaq fikrindəyəm.
- Vaxtilə, "Qarabağ" "Tottenhem"ə qarşı oynayıb. Həmin "Qarabağ"la indiki arasında hansı fərqlər var?
- Avropa futbolu çox sürətli inkişaf edir. İngiltərə Premyer Liqasına baxsaq, bu gün bir nömrəli liqadır. Həm sürətinə, həm dinamikasına, həm heyətlərinə görə, həm maliyyə olaraq. Ələlxüsus da, ilk 7-8 komanda. "Totenhem"i, "Mançester Yunayted"i, "Arsenal"ı bir-birindən ayırmaq olmaz. Bir klubun 770 milyon avro büdcəsi varsa, çox da bu komanda haqda danışmağa ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki, çox aktiv pressinq edən komandadır. Dəlicəsinə pressinq edirlər. Təcrübəmiz var. Əgər irəli getmək istəyiriksə, onlar da yerində dayanmırlar, bizdən daha çox irəli gedirlər. Bütün struktur, futbolçuların hansı səviyyəyə gəlib çıxması yolunda o qədər işlər gedir ki, orada. Biz hələ çox uzaqlardayıq. Buna baxmayaraq, hər bir halda idmançıyıq, mübarizə aparmaq istəyirik. Təcrübəmizdən istifadə etməyə çalışırıq ki, layiqli oyun göstərək.
Mirbağırağa
saytlarin hazirlanmasi