EN

Sahib Məmmədov: “Milli Məclisə seçkilər demokratik və mütəşəkkil keçirildi”

“Müstəqil və suveren ölkəmizdə daha bir əlamətdar gün yaşandı. Xalqımız özünün seçki hüququndan yararlanaraq növbəti tarixi seçimə imza atdı və parlamentdə onu layiqincə təmsil edəcək nümayəndələrinə səs verdi. Həqiqətən də, xalqımızın bu prosesdə aktivliyi, seçki fəallığı onun məsuliyyətindən, dövlət və dövlətçiliyimizə olan dərin hörmətindən irəli gəlir. Vətəndaşlarımız həmrəylik göstərərək cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlətimizin qədəm qoyduğu növbəti inkişaf mərhələsinə öz dəstəyini bildirdilər. Bu seçkilər bir daha bəyan etdi ki, Azərbaycan cəmiyyəti son dərəcə sivil, savadlı və kamildir. Eləcə də vətəndaşlarımızın siyasi mədəniyyəti çox yüksəkdir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda tarixə əsaslanan, eyni zamanda yeni dövrün tələblərinə cavab verən mükəmməl seçki sistemi var: “Bu da ölkəmizdə baş tutan bütün seçkilərin tam demokratik və şəffaf olmasına geniş imkanlar açır. Bu dəfə də hamı şahid oldu ki, seçki kampaniyasına start veriləndən prosesin sonunadək görülən işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu. Deputatlığa bütün namizədlərin hər biri üçün bərabər imkanlar yaradıldı və vətəndaşlar seçkidə azad və könüllü iştirak edərək öz iradələrini sərbəst bildirdilər. Seçkilərin hazırlanması və keçirilməsi, səslərin hesablanması açıq və aşkar həyata keçirildi, habelə mətbuat azadlığı təmin edildi, media subyektlərinin nümayəndələri öz peşə fəaliyyətlərini bu prosesdə layiqincə yerinə yetirdilər. Bir sözlə, həm beynəlxalq və yerli müşahidəçilərin monitorinqlərinin, həm də keçirilən “exit-poll”arın nəticələri bunu deməyə əsas verir ki, Milli Məclisə keçirilən seçkilər əvvəlki seçkilər kimi azad, sərbəst, dinc və mütəşəkkil baş tutub”.

 

“Həqiqətən də, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan Şərqi Zəngəzurda və Qarabağda seçki prosesini görmək qürurlu mənzərədir. İlk dəfə idi ki, Milli Məclisə seçkilər bütün ölkə ərazisini əhatə edirdi. Odur ki, hər birimizin ürəyi fərəhlə doldu, çünki biz bunu illərlə gözləmişdik. İndi isə laçınlılar, şuşalılar, ağdamlılar böyük qürur hissi ilə öz yurdlarında seçimlərini edirlər. Xankəndidə seçki məntəqəsi qarşısında yaşanan uzun seçici növbəsi isə dünyaya növbəti tutarlı mesaj oldu: bu torpaqların əsl sakinləri bizik və bizi tanımağa məcbursunuz. Əminik ki, yeni seçilən deputatlar öz funksiyalarını şərəflə yerinə yetirəcək, seçicilərin etimadını layiqincə doğruldacaqlar. Eləcə də dövlətimizin inkişafında, vətəndaşlarımızın layiqli həyat şəraitinin təmin edilməsində, habelə xalqımızın maraq və istəklərinə cavab verən, dövlətçiliyimizi daha da möhkəmləndirən bir çox əhəmiyyətli qanun layihələrinin hazırlanmasında və qəbul olunmasında, ölkəmizin qanunvericilik bazasının təkmiləşdirilməsində üzərilərinə düşən vəzifələri layiqincə icra edəcəklər”, - AHİK sədri fikrini tamamlayıb.

Chosen
29
12
modern.az

10Sources