EN

Nəşriyyat direktorunun keçmiş müavininin oğlu məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilən şəxs Ləbibov Rəşad Ləbib oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Sonra cinayət işində zərərçəkən şəxslər- Əkbərov Rüfət İdris oğlu və Cəfərov Füzuli Müseyib oğlunun anket məlumatları aydınlaşdırılıb. Zərərçəkən şəxsin nümayəndəsi vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxsin 2 şəxsiyyət vəsiqəsi var: "Belə ki, o, həm də Kərimov Rəşad İmran oğlu adında şəxsiyyət vəsiqəsi ilə istədiyi vaxt ölkəni tərk edə bilər. Xahiş edirəm onun barəsində həbs qətimkan tədbiri seçilsin".

Təqsirləndirilən şəxs Ləbibov Rəşad Ləbib oğlu çıxış edərək, 2-ci şəxsiyyət vəsiqəsini kompüterdə özü düzəltdiyini etiraf edib və ibtidai istintaq vaxtı heç bir çağırışdan yayınmadığını qeyd edib. 

Hakim elektron sistemə baxaraq Rəşad Ləbibovun 2-ci şəxsiyyət vəsiqəsinin olduğunu aydınlaşdırıblar. Məlum olub ki, Rəşad sadəcə bunu özü üçün edib. Səbəb isə qarşı tərəf onun şəxsi məlumatlarını öyrənə bilməməsi olub. 

Zərərçəkənin nümayəndəsinin vəsatətinə münasibət bildirən dövlət ittihamçısı Tural Yaqubov məsələni məhkəmənin mülahizəsinə buraxıb. 

Məhkəmə müşavirədən qayıtdıqdan sonra işin məhkəmə baxışına verilməsi və Rəşad Ləbibovun məhkəmə zalından həbs olunması barədə qərar qəbul edib. 

Məhkəmə prosesi sentyabr ayının 17-nə kimi təxirə salınıb. 

İttiham aktına görə, Ləbibov Rəşad Ləbib oğlu 2 nəfərdən işə düzəltmək adı ilə Səbail rayonu ərazisində 95 min manat pul alıb, ancaq sonda vədinə əməl etməyib. Özü isə cinayət işi başlayana kimi paytaxtda olan nəşriyyatların birində çalışıb. 

Araşdırmalar zamanı məlum olub ki, Rəşad Ləbibov  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğludur.

Chosen
151
50
sabahinfo.az

10Sources