EN

Keçmiş müavininin oğlu məhkəmə zalından həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilən şəxs Rəşad Ləbib oğlu Ləbibovun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Avtosfer.az xəbər verir ki, ilk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Sonra cinayət işində zərərçəkən şəxslər - Rüfət İdris oğlu Əkbərov və Füzuli Müseyib oğlu Cəfərovun anket məlumatları aydınlaşdırılıb.

Zərərçəkən şəxsin nümayəndəsi vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxsin 2 şəxsiyyət vəsiqəsi var:

"Belə ki, o, həm də Rəşad İmran oğlu Kərimov adında şəxsiyyət vəsiqəsi ilə istədiyi vaxt ölkəni tərk edə bilər. Xahiş edirəm, onun barəsində həbs qətimkan tədbiri seçilsin".

Təqsirləndirilən şəxs Rəşad Ləbib oğlu Ləbibov çıxış edərək, 2-ci şəxsiyyət vəsiqəsini kompüterdə özü düzəltdiyini etiraf edib və ibtidai istintaq vaxtı heç bir çağırışdan yayınmadığını qeyd edib.

Hakim elektron sistemə baxaraq Rəşad Ləbibovun 2-ci şəxsiyyət vəsiqəsinin olduğunu aydınlaşdırıb. Məlum olub ki, Rəşad sadəcə bunu özü üçün edib. Səbəb isə qarşı tərəf onun şəxsi məlumatlarını öyrənə bilməməsi olub.

Zərərçəkənin nümayəndəsinin vəsatətinə münasibət bildirən dövlət ittihamçısı Tural Yaqubov məsələni məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra işin məhkəmə baxışına verilməsi və Rəşad Ləbibovun məhkəmə zalından həbs olunması barədə qərar qəbul edib.

Məhkəmə prosesi sentyabr ayının 17-nə kimi təxirə salınıb.

İttiham aktına görə, Rəşad Ləbib oğlu Ləbibov 2 nəfərdən işə düzəltmək adı ilə Səbail rayonu ərazisində 95 min manat pul alıb, ancaq sonda vədinə əməl etməyib. Özü isə cinayət işi başlayana kimi paytaxtda olan nəşriyyatların birində çalışıb.

Araşdırmalar zamanı məlum olub ki, Rəşad Ləbibov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan" Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğludur.

(oxu.az)

Chosen
146
50
avtosfer.az

10Sources