EN

"Zatulinin yalı kəsilib, ona görə separatçıların azadlığını arzulayır" - AÇIQLAMA

Qatı ermənipərəst mövqeyi ilə tanınan və Rusiyanın erməni icmasının maraqlarını aktiv ifadə edən Konstantin Zatulin növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib, terrora və separatizmə dəstək sərgiləyib. 

 

Belə ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini olan Zatulin bu dəfə qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlayıb. O, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılara dəstək nümayiş etdirərək, “Allahdan arzu edirəm ki, onların başına bir iş gəlməsin və tez bir zamanda ailələrinə, Ermənistana qayıtsınlar”, - deyib.

 

Rusiya Dövlət Duması nümayəndəsinin bu cür açıqlaması necə dəyərləndirilməlidir? Zatulinin bu fikirlərini rəsmi Moskvanın mövqeyi hesab etmək olarmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, Zatulinin fikirləri Rusiya dövlətinin mövqeyi sayıla bilməz:

 

“Rusiyanın mövqeyini Kreml,  Xarici İşlər Nazirliyi bəyan edir. Xarici siyasət prioritetləri də məhz bu mərkəzlərdə müəyyən olunur. Zatulinin açıqlaması sadəcə zamanında uzun müddət sahibindən aldığı yalın nəticəsidir. İndi bu yal kəsilib, ona görə də Zatulin bu yalın davam etməsi üçün müəyyən arzular, dualar edir və tezliklə azərbaycanlıların qətlinə hökm vermiş cinayətkarların azadlığa buraxılmasını istəyir.  Bu, sadəcə bir nostaljidir.  Görünür, zamanında onların ötürdüyü yalla çox qarşı-qarşıya oturub, kef məclislərində bir-birilərinin, o cümlədən qondarma Dağlıq Qarabağın gələcəyi ilə bağlı “sağlıqlar” deyiblər”.

 

Ekspert hesab edir ki, Zatulin bu açıqlamanı ayıqbaşla verməyib:

 

“Yəqin, erməni tut arağının fonunda bu cür keçmiş “xoş xatirələr” yada düşüb. Hər bir halda, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət, müttəfiqlik sənədində iki dövlətin bir-birinin daxili işlərinə qarışmamaq kimi xüsusi bənd var. Nəhayət, bu məqam Rusiya Prezidenti Vladimir Putinin son Azərbaycan səfərində də qeyd olunub. Üstəlik,  Azərbaycan buna imkan verəcək qədər əyalət ölkəsi deyil.  Zatulinin dediyi elə “Zatulinin dediyi” kimi də qəbul edilməlidir. Bu cür açıqlamalara ciddi fikir vermək lazım deyil. Sadəcə olaraq o, öz “sədaqətini” növbəti dəfə ermənilərə nümayiş etdirmək istəyib. Yəni separatçı dostları bu gün həbsdə olsalar da,  Zatulin onları unutmayıb. Bundan əlavə nəticələr çıxarmaq lazım deyil”.

 

Günay Rəsulqızı

Chosen
305
50
sfera.az

10Sources