"Prezident İlham Əliyevin fərmanı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması mühüm addımdır. Bu qərarın qəbul edilməsi ölkədə antiinhisar siyasətinin, rəqabət mühitinin inkişafına yönəlib. Artıq daxili bazarda antiinhisar siyasətinin reallaşdırılması ilə bağlı ciddi çağırışlar müşahidə edilir".
Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
O qeyd edib ki, ölkədə bu günə kimi antiinhisar siyasətinin reallaşdırılmasında zəruri nəticələr, rəqabət mühitinin inkişafı ilə bağlı lazım olan effektiv yanaşma mövcud deyildi:
“İstehlak bazarındakı durum və buradakı inflyasiyanın səbəblərini də məhz rəqabət mühitinin lazımi səviyyədə inkişaf etməməsində axtarmaq olar. Bu, eyni zamanda daxili bazarda olan inhisarçılıqla bağlıdır”.
Ekspert hesab edir ki, bu istiqamətdə islahatlara, təkmilləşmələrə ehtiyac var:
“Rəqabət mühiti bazar iqtisadiyyatının əsasını təşkil edir. Bu, inkişaf etmədikdə effektiv bazar mexanizmləri işləyə bilməz. İnhisarçılığa qarşı da sistemli, kompleks yanaşmalara nail olunmalıdır. Bu olmadıqda effektiv bazar iqtisadi mexanizmlərinin işə düşməsini gözləmək olmaz”.
Elşad Məmmədova görə, istehlak bazarında yerli sahibkarlar, istehsalçılar tənzimləyici mexanizmlər hesabına imkanlar əldə etməlidir:
“Bunun üçün aidiyyatı dövlət qurumunun effektiv fəaliyyətinə ehtiyac var. Çünki bir nazirlik çərçivəsində fəaliyyət göstərən qurumun statusu xeyli dərəcədə yüksəldilir. Artıq bu qurum ölkə başçısının birbaşa nəzarətində fəaliyyət göstərəcək. Bu da həmin qurumun səlahiyyətlərinin genişlənməsi ilə yanaşı, onun məsuliyyət çərçivəsinin böyüməsi ilə müşahidə ediləcək. Antiinhisar siyasəti, rəqabət mühiti, daxili istehlak bazarındakı təkmil addımlar müsbət dəyişikliklər üçün əsas olacaq”.