ABŞ Dövlət Departamenti Monqolustanın çətin geosiyasi vəziyyətini başa düşür və onu dəstəkləməyə davam edəcək, lakin eyni zamanda ölkəni "beynəlxalq öhdəliklərini yerinə yetirməyə” çağırır.
Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Departamentin mətbuat xidmətinin sözçüsü Metyu Miller bildirib.
"Biz gözləyirik ki, Monqolustan BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən suverenlik və ərazi bütövlüyünə hörmətlə əməl edəcək və bu prinsiplər bütün dünyada qorunacaq”, - deyə Miller Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olan Monqolustana səfərini şərh edərkən bildirib.
Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Vaşinqton "iki böyük qonşu – Çin və Rusiya arasında sıxışdırılmış” Monqolustanın çətin vəziyyətini başa düşür və onu dəstəkləməyə davam edəcək. Lakin o vurğulayıb ki, Ulan-Bator "BMT Nizamnaməsinin prinsiplərinə əməl etməlidir”. "Rusiya ilə qarşılıqlı əlaqə qurarkən onların (Monqolustan hakimiyyəti – red.) Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə nümayiş etdirmələri vacibdir", - Metyu Miller əlavə edib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Rusiya prezidenti Vladimir Putinin "uşaqların Ukraynadan qanunsuz çıxarılması” ilə bağlı həbs qərarı verib. BMC nizamnaməsini ratifikasiya edən ölkələrdən əmrin icrası tələb olunur.
Rusiya prezidenti sentyabrın 2-də Monqolustana rəsmi səfərə gəlib. Sentyabrın 3-də Ulan-Batorda o, ölkə prezidenti Uxnaaqiyn Xurelsux ilə danışıqlar aparıb. Prezidentlər neft məhsulları sahəsində əməkdaşlığa, eləcə də Ulan-Batorda istilik elektrik stansiyasının yenidən qurulması layihəsinin hazırlanmasına dair sazişlər imzalayıblar.
Nizami Bağırov