Bakı, TurkicWorld
Netanyahunun Filadelfiya dəhlizində İsrail hərbi varlığını saxlamaq üçün Misir Ərəb Respublikasına qarşı son iddiaları qəbuledilməzdir.
TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi (XİN) yazılı açıqlama verib.
Bəyanatda vurğulanıb ki, Netanyahu Qəzzada törətdiyi cinayətləri ört-basdır etmək və atəşkəs danışıqlarının nəticəsiz qalması üçün ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyan yalanlarını davam etdirir.
Bildirilib ki, Netanyahunun Filadelfiya dəhlizində İsrail hərbi varlığını saxlamaq məqsədiylə Misir Ərəb Respublikasına qarşı son iddiaları qəbuledilməzdir.
“Biz Misir Ərəb Respublikasının Qəzzada müharibəyə son qoymaq və milyonlarla fələstinli qardaş və bacılarımıza yardım əlini uzatmaq üçün göstərdiyi vasitəçilik səylərini dəstəkləyirik”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, sentyabrın 2-də keçirilən mətbuat konfransında İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada müharibənin məqsədlərinə nail olmağın Filadelfi dəhlizindən keçdiyini bəyan edib və ölkəsinin oranı tərk etməyəcəyini bildirib.
Netanyahu, “Qəzza zolağı ilə Misir sərhədində yerləşən Filadelfi dəhlizindən çıxan kimi silahların, döyüş materiallarının, raket istehsalı üçün lazım olan avadanlıqların və tunel qazmaq üçün maşınların kütləvi şəkildə Qəzzaya daxil olmasına heç bir maneə olmayacaq",-deyə qeyd edib.
“(Filadelfiya dəhlizində) heç bir maneə olmadığı üçün Qəzzanın İsrail üçün böyük təhdidə çevrildiyini” iddia edən Netanyahu Qəzzada müharibə imkanlarının İranın nəzarəti, maliyyəsi və rəhbərliyi altında baş verdiyini irəli sürüb.
Xatırladaq ki, Misir Xarici İşlər Nazirliyi İsrail rəsmilərinin Filadelfi dəhlizi ilə bağlı bütün iddialarını rədd etmişdi.