Məlum olduğu kimi Milli Məclisə seçkilərdə 76.6 faiz səs toplayaraq qalib gələn Hicran Hüseynovanın “Chanel” markalı 6032 dollar (10 000 manat) dəyərində çanta istifadə etməsi geniş müzakirə obyektinə çevrilib.
Hicran Hüseynova bununla bağlı Musavat.com-a açıqlamasında deyib ki, əslində həmin çantanı çox ucuz qiymətə Çindən gətirdib. Ümumiyyətlə isə, bu günə qədər heç vaxt bahalı heç nə almadığını bildirib.
Bəs doğrudan da “Chanel” kimi məşhur, bahalı markaların məhsullarını Çindən ucuz qiymətə almaq mümkündür? Ümumiyyətlə, dünyanın ən bahalı çanta brendləri hansılardır?
Araşdıranda məlum olur ki, dünyada ən bahalı və məşhur çanta brendləri arasında ön sırada “Louis Vuitton” markası gəlir. Əgər sizin bahalı Louis Vuitton markasından çantanız yoxdursa, deməli zəngin həyatı yaşamırsınız. Bu markanın ən kiçik məhsulunun qiyməti 580 dollardır.
Bu dünya brendinin məhsulu olan çanta yalnızca varlı şəxslərə məxsus ola bilər. Bu cür məhsul müstəsna olaraq hər hansı bir fərdi müştəri üçün layihələndirilir və tikilir.
Bu zaman “Louis Vuitton” cihaz istehsalatından deyil, sırf əl əməyindən istifadə edir. Bu çantaları istədiyiniz yerdə əldə edə bilməziniz. Hər şey dəqiqliklə düşünülüb. Belə ki, şirkətin rəhbər tutduğu siyasət heç kimə güzəştə getmir. Burada endirimlər həyata keçirilmir.
Bundan əlavə, “Louis Vuitton”un satılmayan çantalarının yandırılması haqqında bir fakt mövcuddur. Çantaların yandırılması hər ilin sonunda yeni kolleksiyanın çıxmasından bir qədər əvvəl həyata keçirilir. Lakin bu hələ çantaların baha və elit olmasının əsas səbəbi deyil. İlk amil çantaların əl işi olmasıdır. İkinci amil isə fərdi sifariş və dizayndır. Belə ki, “Louis Vuitton” çanta və çemodanlarının kilid hissəsi elə formada hazırlanır ki, onu sifarişçidən başqa heç kəs aça bilmir. Hər kəsə yaxşı tanış olan siyasətçilər, incəsənət nümayəndələri, musiqiçilər, artistlər və s. öz sərvət və nüfuzunu Louis Vuitton məhsulu ilə nümayiş etdirməyə çalışır.
Onu da qeyd edək ki, “Louis Vuitton” şirkəti Parisdə yerləşir. Şirkətin ümumi maliyyə dəyəri 310,78 milyard dollardır.
“Dior” markalı çantalar da dünyada ən bahalı məhsullar hesab olunur. Bu brend yaradıldıqdan cəmi 3 il sonra satış rekordu ilə Fransanın ümumi ixrac gəlirinin 5 faizini təşkil edib. Bu brendin ən kiçik məhsulunun qiyməti 300 dollardan başlayır. Dünyanın bir çox ən məşhur kino ulduzları, nüfuzlu şəxsləri bu brendlə işləyir. Şirkət Parisdə yerləşir, ümumi maliyyə dəyəri 68,75 milyard dollardır.
İtalyan markası "Gucci” isə dünyanın ən bahalı 10 geyim markası siyahısındadır. Rihanna, Blak Liveli, Kaylı Cenner, Bred Pit və s. kimi bir çox məşhur insan və nüfuzlu şəxslər bu markanı seçir. Markanın təkcə gün eynəyinin qiyməti 300 dollardan başlayır.
“Gucci” markasının məhsulları sırasında geyim, kosmetika, aksesuarlar, saatlar, ayaqqabı, əl çantaları və kəmərlər var. Şirkətin baş qərargahı İtaliyanın Florensiya şəhərində yerləşir, sərvəti 15,6 milyard dollardır.
Hicran Hüseynovanın istifadə etdiyi "Chanel” markasına gəldikdə isə, bu marka da dünyada ən elit sinif marka hesab olunur. Bu günə qədər bu marka ilə ən məşhur insanlar işləyib. Onların arasında Merilin Monro, Nikol Kidman, Audrey Tautou, Vanessa Paradisin adlarını qeyd etmək olar. “Chanel” markasının təkcə çantaları deyil, eynəkləri, zərgərlik məhsulları, kəmərləri, eləcə də kosmetika məhsulları, ətirləri də çox məşhurdur. Markanın ən kiçik məhsulunun qiyməti 60 dollardan başlayır. Şirkətin baş qərargahı Londonda yerləşir, ümumi maliyyə dəyəri 13,2 milyard dollardır.
"Əlbəttə ki, original məhsul Çində də baha qiymətə satılır. Bu cür brend markalı çanta əgər ucuz qiymətə satılırsa, demək ki, saxtadır. Amma mən inanmıram ki, kimsə vaxtilə sovet oliqarxının qızı Hicran Hüseynovanı aldadıb, ona saxta çanta satsın və o da bu cür saxta məhsulu alsın".
Bu sözləri Musavat.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Mütəxəssis bildirib ki, dünyada marketoloqlar istehlakçıları aldatmaq çox sayda üsullara əl atırlar:
"Bu üsullar da əsasən marketoloqlar vasitəsi ilə həyata keçirilir. Əslində marketologiya məhsulu istehlakçıya yuxarı qiymətə sırımaq elmidir. Bununla bağlı cild-cild kitablar var. Burada əsas məsələlərdən biri brend adı altında istehlakçıların aldadılması məsələsidir. Əslində tamahına sahib çıxa bilməyən, özünə güvəni olmayan istehlakçı belə məsələlərin qurbanı olur. Dünyada qiyməti bir neçə yüz min dollar olan qadın çantaları var. Guya eksklüzivdir, əl işidir, üzərində brilyantlar var və sairə. Məsələn, mənim bir ayaqqabı və çanta ustası olan dostum var, o, bir dəfə mənə Bakıda 50 min dollarlıq çanta gördüyünü, onu restavrasiya etdiyini demişdi. Hər kəsə məlumdur ki, "Hermes" markası çantaları ağ timsah dərisindən hazırlayır və bəzən minlərlə dollara satır, alıcıları da kifayət qədərdir. Ümumiyyətlə, bəzi qadınlar bu cür bahalı, brend markaların geyimlərindən, çanta və aksessuarlarından istifadə etməyi, çox sayda qızıllar taxmağı sevir. Onlar sadəcə marketinq qurbanlarıdır, özlərinə güvəni yoxdur, bu cür bəzənib özlərini "Zitanın xalası"na oxşadırlar. Mükəmməl, həyatı dərk edən, özünə güvəni yüksək olan insan marketoloqların fitnəsinə, tələsinə düşmür, sadə yaşamağa üstünlük verirlər. Beləliklə, hesab edirəm ki, vaxtilə sovet oliqarxnının qızı olan Hicran Hüseynova da 6 min dollarlıq çanta almaqla marketoloqların qurbanı olub. İnsanın mənəvi və xarici gözəlliyi onun sadəliyindədir. Mən tərəfdarıyam ki, insanlar marketoloqların qurbanı olmasın".
Xalidə Gəray
Musavat.com