Məlum olduğu kimi, bu il oktyabrın 26-da qonşu Gürcüstanda parlament seçkiləri keçiriləcək. Baş nazir İrakli Kobaxidzenin jurnalistlərlə söhbəti zamanı bildirdikləri isə onu deməyə əsas verir ki, Qərbin bəzi dairələri seçki məsələsində ölkədəki vəziyyəti qarışdırmaq niyyəti güdürlər. Onların əsas istəkləri rəsmi Tbilisinin Avropa İttifaqı ilə yollarını ayırmasıdır. Daha doğrusu, ikincinin birincidən üz döndərməsi. Geniş mənada yanaşsaq, səbəb aydındır – Gürcüstanın müstəqil siyasət kursunu gözləri götürmür.
Bəli, Gürcüstanın eks-prezident Mixeil Saakaşvilinin şəxsində ortada olmuş sadiq qərbpərəstlik xətti artıq tarixdir. Ancaq bu da bir faktdır ki, Saakaşvili həmin xətti ölkənin inkişafına yönəldən konkret addımlar atdı. Digər tərəfdən, o zamankı Gürcüstana indiki Ermənistan kimi yanaşılmırdı. Gürcüstan, bir növ, sınaq nümunəsi idi. Qərb Gürcüstanın möhkəmlənməsi üçün resurslar sərf etdi, o cümlədən, maliyyə resurslarından keçdi. Sonra isə etdiklərinin qarşılığını istədi. Yəni ki, Gürcüstanı Qafqazın aktiv anti-Rusiya qalasına çevirməyə qol çırmadı. Nəticə eibarilə ölkə Rusiya ilə qeyri-bərabər savaşa sürükləndi. 2008-ci ilin Rusiya–Gürcüstan müharibəsini yada salaq. Eləcə də ikincinin məğlubiyyətini və rus qoşunlarının paytaxt Tbilisinin bir neçə kilometrliyinədək irəliləmələrini...
Əlbəttə, hansı səmtdən yanaşsaq, Rusiyanın Cənubi Osetiya və Abxaziya xüsusunda həyata keçirdikləri yolverilməzdir. Azərbaycan bütün beynəlxalq platformalarda Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edir. Gürcüstan da zamanında ölkəmizin üzləşdiyi işğala qarşı oxşar mövqe sərgiləməklə etirazını bildirmişdi.
Bəs 2008-ci ilin müharibəsi zamanı Tbilisini Moskvaya qarşı açıq demarşa təhrik edən Qərb nə etmişdi? Onun arxasında dayanmışdımı? Əlbəttə ki, yox! Şübhəsiz, Azərbaycan kimi, Gürcüstan da nə zamansa haqqını əldə edəcək, bunun üçün tarixi şərait yetişəcək. Ancaq haqqa çatmaq həm səbr və təmkinli olmaqdan, həm düzgün siyasət aparmaqdan, həm də keçilmiş yolu səmərəli şəkildə dəyərləndirməkdən, səhvlərdən nəticə çıxarmaqdan keçir. Hesab edirik ki, bu mənada Gürcüstanın hazırkı iqtidarının həyata keçirdiyi kurs, kifayət qədər, sabitdir. Ölkə iqtidarı Qərbin təxribatlarına uymur.
Bəli, hazırda Qərbi yandırıb-yaxan Gürcüstanın Ermənistan kimi, Qafqazın anti-Rusiya qalası olmaq istəməməsidir. Saakaşvili ilə qoyulmuş əsasın sıradan çıxmasından narahat qüvvələr var. Tbilisini Kremlə qarşı cəbhə kimi təsəvvürə gətirən həmin qüvvələr vaxtilə ölkə üçün etdiklərinin, yatırdıqları sərmayənin, belə demək mümkünsə, özünü doğrultmamasından, “qızılgül inqilabı”nın nəticələrinin aradan qalxmasından çox narahatdırlar. O qədər naharatdırlar ki, Gürcüstan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişinin ləğvinə dair cılız çağırış səsləndirir, sanksiya tətbiqi barədə sərsəmləyirlər. Bir sözlə, tipik Qərb düşüncə tərzinin imperialist elementlərini işə salırlar. Ola bilər, özlərinin gələcək planlarının icrası baxımından Ermənistana üstünlük verdiklərindən belə davranırlar. Onlardan hər şey çıxar...
Sanksiyadan söz düşmüşkən, İ.Kobaxidze də bu barədə söz açıb və bildirib ki, Gürcüstana qarşı mümkün sanksiyaları qeyri-ciddi hesab edir. O, tam haqlıdır. Nəinki barəsində söz açılan tədbir, ümumən kollektiv Qərbin Gürcüstana münasibəti birincinin qeyri-ciddi obrazının növbəti nümayişidir. Özü də son dərəcə çirkin formada. Əslində, Baş nazirin söylədikləri də həmin çirkin mənzərənin etüdləridir. Onun sözlərinə görə, Gürcüstan müxalifəti ok-tyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra ölkədə iğtişaşlar yaratmağa çalışacaq.
İ.Kobaxidzenin dilə gətirdiyi gedişatı proqnozlaşdırmaq mümkündür. Ötən bir ildə Qərb–Gürcüstan qarşıdurması məsələsindəki müxtəlif elementlərin gündəmə gəlməsi bunu söyləməyə əsas verir. Qərbin xüsusi xidmət orqanlarının Gürcüstanda həyata keçirmək istədikləri, xarici agentlər haqqında qanunvericilik barədə yaşanan kütləvi etirazlar hər kəsə yaxşı məlumdur. O da məlumdur ki, bu tədbirlərin heç biri gözlənilən effekti vermədi. Qarşıdakı parlament seçkiləri isə “məqsədə” çatmaq naminə yaxşı “vasitədir”.
Beləliklə, İ.Kobaxidze bildirir ki, ölkədəki radikal müxalifətin seçkilərdə qalib gəlməyə ümidi yoxdur və məhz buna görə həmin qütb seçkidən sonraya fokuslanır. Fokuslanır ki, vəziyyəti gərginləşdirsin. Gürcü Baş nazir mövcud istiqamətdə hazırlıqların getdiyini də bildirir. Məsələn: “Onlar “Gürcü arzusu” qalib gəlsə” sözlərini öz lüğətlərindən çıxarıb və daim “Gürcü arzusu” seçkiləri saxtalaşdırsa” deyirlər”.
Göründüyü kimi, ortada tipik Qərb yanaşmasından irəli gələn “ritorika” var. Yəni, hələ proses reallaşmayıb, ancaq əks düşərgədəkilər hakimiyyətin saxtakarlığa gedəcəyi klişesini tirajlayırlar. Necə də oxşar mənzərədir... O zaman Kobaxidze çox doğru olaraq bildirir ki, seçkilərin nəticələrini tanımamağa köklənmiş müxalif kəsim dövlət institutlarına hücum etməyə və ölkədə iğtişaşlar yaratmağa çalışacaq. Yeri gəlmişkən, qeyd edək ki, həmin kəsimin Azərbaycandakı tör-töküntüləri zamanında ölkəmizlə bağlı eyni addımları atmağa həvəslənmişdi.
İndi imkanları olsa, 1 sentyabr Milli Məclisə seçkilərlə bağlı da aranı qarışdırmaq istəyərdilər. Ancaq heç nə edə bilmədilər. Çünki, əvvəla, ölkəmizdə xalq–hakimiyyət vəhdəti güclüdür, ikincisi, dövlətimiz anti-milli təmayüllərə qarşı, kifayət qədər, möhkəmdir. Arzu edək ki, qonşu Gürcüstan da belə bir mövqeyə sahiblənməyin bəhrəsini görsün, siyasi kataklizmlərdən uzaq olsun. Nəzərə alaq ki, istənilən siyasi təbəddülatlar ölkənin inkişafına zərbədir. İnkişaf üçün başlıca faktor isə sabitlikdir. Qərbin müxtəlif marginal qruplar vasitəsilə sıradan çıxarmağa çalışdığı da elə sabitlik və əminamanlıq mühitidir.
Əlqərəz, İ.Kobaxidze onu da vurğulayıb ki, seçkilərdən əvvəl və ya seçkilərdən sonra vəziyyətin sabitliyini pozmaq cəhdlərinin qarşısı qanun çərçivəsində alınacaq. O, təmsil olunduğu hakim komandanın destruktiv meyillərin aradan qaldırılması üçün bütün lazımi resurslara malik olduğunu da bildirib, əminlik yaradıb: “Heç bir təxribat uğur qazanmayacaq və hər bir cinayət əməli ağır cəza ilə qarşılanacaq”.
Sonda qeyd edək ki, Gürcüstanda bu il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı kampaniya sakit şəraitdə gedir. İ.Kobaxidze də bu məqamı açıqlayıb və əlavə edib ki, mövcud istiqamətdə bir dənə də olsun ciddi pozuntu aşkarlanmayıb. Biz isə qonşu xalqın növbəti sınaqdan uğurla çıxacağına, Qərbin siyasi missionerlərinin ölkəni qarışdırmaq planlarının iflasa uğrayacağına inamımızı ifadə edirik.
Ə.CAHANGİROĞLU
XQ