Xəbər verdiyimiz kimi, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib. “Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan istefa ərizəsi alıb. Ərizəyə növbəti plenar iclaslardan birində baxılacaq”, - Ali Radanın sədri Ruslan Stefançuk sosial şəbəkə hesabında paylaşım edib. Digər tərəfdən, ötən gün də Ukraynada bir sıra nazirlər istefa ərizəsi təqdim ediblər.
Rəsmi Kiyevdəki silsilə istefaların səbəbi necə izah edilməlidir?
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov bildirdi ki, görünür, Ukrayna bəzi məsələlərdə Rusiya ilə danışıqlara gedir:
“Yaxud bu, Qərb tərəfindən Ukraynada hökumət daxilində parçalanma siqnalının ötürülməsi ola bilər. Yəni bu proses çox ciddi problemdir. Birdən-birə bir neçə nazirin istefa vermək istəyi o deməkdir ki, Ukrayna hökuməti daxilində bir böhran var. Digər tərəfdən, bu prosesi tək böhranla əlaqələndirmək olmaz. Ola bilər, bu, Zelenskinin istəyinə bağlı haldır”.
Samir Hümbətovun sözlərinə görə, Ukrayna lideri sözügedən nazirləri vəzifədən uzaqlaşdırmasa da, könüllü istefalarını tələb edir:
“Amma hər vəziyyətdə birinci xarici işlər nazirinin istefaya getmək cəhdi Ukraynanın Rusiya siyasətində hansısa bir dəyişikliyin olmasından xəbər verir. Düşünürəm ki, bu istefa ərizəsi adi hal deyil, arxasında ciddi səbəblər var. Bu da yəqin ki, yaxın vaxtlarda bəlli olacaq”.
Günay Rəsulqızı