Türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün Azərbaycanın “ASAN xidmət” modelinin əsasında “ASAN ticarət” modeli yaradılacaq.
Bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Azərbaycanda fəaliyyət göstərən Türk Ticarət Mərkəzinin həmtəsisçisi Ramazan Karaşahin bildirib.
Onun sözlərinə görə, bu yeniliyin elə Türk Ticarət Mərkəzində tətbiq edilməsi nəzərdə tutulur: “Bu istiqamətdə lazımi addımlar atacağıq. Biz iş adamlarına bütün istiqamətlərdə dəstək göstərməyə hazırıq”.
Xatırladaq ki, Türk Ticarət Sərgisi bu il noyabrın 7-9-da Türkiyənin Ticarət Nazirliyinin himayəsi altında fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palataları Birliyi ilə əməkdaşlığı çərçivəsində İstanbul Sərgi Mərkəzində keçiriləcək. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək, bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyır, dövlət səviyyəsində dəstəklənir. Sərgi çərçivəsində B2B görüşləri, konfranslar keçiriləcək.