Rusiya Prezidenti Vladimir Putin ABŞ-də keçiriləcək seçkilərdə bir növ Kamala Harrisi dəstəkləyəcəyini etiraf edib.
Rusiya prezidenti yeni açıqlamasında Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrislə bağlı “o, yoluxucu şəkildə gülür” deyərək təbəssümünü tərifləyib və Co Baydeni əvəz etməyə çalışan qadın namizəd üçün hər şeyin yaxşı göründüyünü deyib.
Qeyd edək ki, Putinin açıqlamaları ABŞ-nin Rusiya dövlət mediasına qarşı sanksiyalar elan etməsindən bir neçə saat sonraya təsadüf edib. Belə ki, Vaşinqton çərşənbə günü “Russia Today” dövlət kanalının baş redaktoru da daxil olmaqla 10 nəfərə qarşı noyabrda keçiriləcək prezident seçkilərinə müdaxiləyə görə sanksiya tətbiq edib.
Birləşmiş Ştatlar bildirir ki, “Russia Today”-in rəhbəri, məşhur təbliğatçı Marqarita Simonyan və kanala bağlı olan digər şəxslər ictimai rəyi ələ keçirmək və Kreml yönümlü mesajlar yaymaq üçün sosial medianın təsir dairələri ilə gizli işləyirlər.
“AzPolitika.info”