EN

Dünyanın ən böyük bankı investorları Çinin fond bazarından çıxmağa çağırdı: Nə baş verir?

JPMorgan Chase & Co. analitikləri Çin fond bazarı üçün tövsiyələrini "alış"dan "neytral" səviyyəsinə endirib.

Musavat.com xəbər verir ki, bank analitikləri bu qərarı Çində iqtisadi artımın zəifləməsi, hökumətin stimullarının aşağı səviyyəsi və ABŞ-da qarşıdan gələn prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliklə əsaslandırıblar.

Pedro Martinsin rəhbərlik etdiyi JPMorgan ekspertlərindən ibarət komanda hesab edir ki, Pekin və Vaşinqton arasında yeni ticarət müharibəsi ehtimalı Çin fond bazarına təzyiq göstərəcək. Bundan əlavə, analitiklər Çin hökumətinin iqtisadi aktivliyin azalmasının qarşısını almaq üçün göstərdiyi səyləri “qeyri-kafi” hesab edirlər: “İkinci ticarət müharibəsinin nəticələri (20-60 faiz tarif artımı) keçən dəfəkindən daha ciddi ola bilər. Biz inanırıq ki, Çin iqtisadiyyatı üçün uzunmüddətli tendensiya təchizat zəncirlərinin yenidən bölüşdürülməsi, Birləşmiş Ştatlarla artan münaqişə və daxili problemlərin davam etməsi nəzərə alınmaqla, struktur zəifləməsi olacaq”.

JPMorgan ekspertləri digər aparıcı qlobal investisiya banklarının analitikləri ilə birlikdə bu il Çinin ÜDM artım tempinin Pekinin 5 faizlik hədəfindən aşağı olacağını gözləyirlər. Onlar investorlara vəsaitlərini Hindistan, Meksika, Səudiyyə Ərəbistanı, Braziliya və İndoneziya fond bazarlarına köçürməyi tövsiyə edirlər.

Asiya və Çinin özündən məsul olan JPMorgan ekspertlərindən ibarət başqa bir komanda 2024-cü ilin sonunda MSCI China və CSI300 fond indeksləri üçün proqnozları 66 bənddən 60 bəndədək və 3900 bənddən 3500 bəndə qədər pisləşdirib.

 

Musavat.com

Chosen
118
18
musavat.com

10Sources