EN

Vardanyan kartı yenidən ortada

Revanşist qüvvələr Paşinyanı devirmək üçün bu kartdan istifadə edə bilərlər

Ermənistanda aktivləşən revanşist qüvvələr yenidən Ruben Vardanyan kartını ortaya atıblar. Xüsusən, separatçıların alət kimi istifadə etmək istədikləri Vardanyan  Azərbaycanda istintaq altındadır. Siyasi məqsədlərini reallşdırmaq üçün çağrılmamış qonaq kimi Qarabağa təşrif buyuran Ruben Vardanyan  cəmi 4 ay ərzində separatçıların "liderinə" çevrilə bilib. Şəxsi reklamına xüsusi diqqət yetirən Ruben Vardanyan Araik Arutunyanı arxa plana keçirməyə nail olub. Lakin "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham elan olunub. 
Barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılan Ruben Vardanyan yenidən siyasi alət kimi ortalığa atılıb. Məlumdur ki, separatçıqda birbaşa iştirakı olan milyarder Vardanyanın Azərbaycan tərəfindən həbs edilməsi onun biznes ortaqlarının ürəyinə rahatlıq gətirmişdi. Çünki, qanunsuz, çirkli yollarla əldə edilmiş vəsaitin separatçıların dəstəklənməsinə yönəldilməsi heç də bütün şəriklərin ürəyincə deyildi. Hətta bəzi siyasi dairələr  gizlətmədən, açıq şəkildə bu barədə mesajlar verirdilər. Belə məlum olur ki, keçmiş separatçı rejimin liderləri də daxil olmaqla Rubenin biznes ortaqları onun azad olunmasında qətiyyən maraqlı deyillər. Başqa sözlə, separatşılar nüfuzlarını, biznes ortaqlar isə kapitalını Vardanyanın həbsdə qalmasından daha üstün tuturlar. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Ruben Vardanyan yeni missiya ilə  səhnəyə qaytarılır: "Son günlər Azərbaycan həbsxanalarında layiq olduğu cəza barədə hökmü gözləyən erməni biznesmen və avantürist Ruben Vardanyanın adı yenidən gündəmə qayıdıb. Öncə Vladimir Putinin Bakıya səfəri zamanı Rusiyadakı erməni oliqarxların Putindən onun həbsdən azad olunması məsələsini  İlham Əliyevlə müzakirə olunmasını xahiş etmələri barədə məlumat daxil olmuşdu. Vladimir Putin və İlham Əliyevin Vardanyanın sonrakı taleyini müzakirə edib-etməmələri barədə sonradan hər hansı bir məlumat verilmədi. Amma Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında bu şəxs haqqında hər zaman olduğundan daha ətraflı danışdı. Doğrusu Baş Nazir İlham Əliyevin uzun müddət bundan öncə Ruben haqqında dediklərini sözbəsöz təkrar edib.
İlham Əliyev Vardanyanın Qarabağda at oynatdığı vaxtda  onun haqqında məlum olan bilgiləri vermiş və bu emissarın  regiondankənar qüvvələr tərəfindən xüsusi missiya ilə buraya  göndərildiyini bildirmişdi. Düşünmək olardı ki, Azərbaycan həbsxanalarına atıldıqdan sonra Vardanyanın missiyası iflasa uğramışdır. Amma bu şəxsin yenidən manşetlərə çıxması  əməliyyatın davam etdiyini düşünməyə əsas verir. Görünür missiya hələ tamamlanmayıb. İndi onun hətta həbsxanada olması belə Paşinyanı daha çox narahat etməyə başlayıb.
Eyni zamanda, son günlər Ermənistan Baş Nazirinin Rusiya və Azərbaycanla münasibətdə isti mesajlar verməsi onun Bakı və Moskva ilə yaxınlaşma cəhdlərindən xəbər verir. Paşinyanın davranışındakı bu dəyişiklik yeni şəraitin ortaya çıxdığına işarədir.
Bu yeni şərait isə Rusiya və onun Ermənistandakı 5-ci kolonunun payızda Baş Nazirə qarşı vurulmuş hesab olunan Vardanyan kartından istifadə etmək haqqında planlar qurmasından xəbər verir. Robert Kaçaryan, Serj Sarkisyandan və onun təsiri altında olan qüvvələrdən  Paşinyanı devirmək üçün istifadə etməyin artıq  mümkün olmadığını dərk edən Qarabağ erməni klanı bu dəfə son ümid kimi elə Rusiyanın xeyir - duası ilə Vardanyandan istifadə etməyi qərara alıblar. Məhz buna görə də Rusiya hakimiyyət eşelonunun  ən yüksək dairələrində müzakirə olunan bu məsələ Putinin səfər proqramına da salınıb, Rusiyadakı erməni milyarderlər Putindən bu məsələni Əliyevlə müzakirə etməyi və Vardanyanın həbsxanadan azad edilərək Ermənistana göndərməyi xahiş ediblər.
Ortalığda olan plana görə Putin İlham Əliyevi Vardanyanı buraxmağa razı salır və həbsxanadan azad olunan keçmiş Rusiya vətəndaşı İrəvana qayıdaraq yeni qüvvə ilə siyasi fəaliyyətə başlayır. Amma bu dəfə onun fəaliyyət proqramında qondarma respublika deyil, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq əsas yer tutur. Yalnız Putinlə müzakirələr zamanı İlham Əliyevin  Rusiya və erməni oliqarxların bu ssenarisinə hansı reaksiya verdiyi məlum deyil. Sadəcə məlum olan odur  ki, İlham Əliyev Azərbaycanın mənafeyinə zərrə qədər xələl gətirə biləcək  heç bir təklifə razılıq verməyəcək. Onu istəmədiyi addımı atmağa məcbur etməyin  mümkün olmadığı dəfələrlə sübut olunub. Ermənistan Baş Naziri Paşinyanın son günlər ciddi narahatlıq keçirərərk davranışının tamamilə dəyişmnəsi payızda onu gözləyən təhlükənin miqyasının daha böyük olmasından  xəbər verir. Hiss olunur ki, Baş Nazir bu dəfə Qərbi və ABŞ-ı deyil, məhz Azərbaycanı və şəxsən İlham Əliyevi özünün xilaskarı kimi görür".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
101
olaylar.az

1Sources