EN

Sorğu: Almanların 84 faizi hökumətin işindən narazıdır

Sorğu:

Bakı, 6 sentyabr, AZƏRTAC

Rəyi soruşulan Almaniya sakinlərinin 80 faizindən çoxu hökumətin işindən narazıdır. Hakim "İşıqfor" koalisiyasının (Almaniya Sosial Demokrat Partiyası - ASDP, Yaşıllar, Azad Demokrat Partiya - ADP) reytinqi koalisiyanın hakimiyyətə gəldiyi 2021-ci ildən bəri ən aşağı səviyyəyə enib.

AZƏRTAC xəbər verir ki, bunu ARD telekanalının sifarişi ilə “Infratest dimap” institutu tərəfindən keçirilən sosioloji sorğu göstərib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin yalnız 16 faizi hökumətin fəaliyyətindən razı olduğunu bildirib. Bu, avqust ayında aparılan analoji sorğu ilə müqayisədə 4 faiz bəndi azdır. “İşıqfor”un işindən narazı olanların sayı isə 84 faizə yüksəlib. Kansler Olaf Şolts (ASDP), maliyyə naziri Kristian Lindner (ADP) və iqtisadiyyat naziri Robert Habek (Yaşıllar) olduqca aşağı reytinqə malikdir.

Əgər Bundestaqa (Almaniya parlamenti) seçkilər qarşıdakı bazar günü keçirilsəydi, koalisiyanın hakimiyyətdə qalmaq şansı olmazdı. Belə ki, ASDP yalnız 15 faiz, Yaşıllar 11 faiz, ADP isə 4 faiz (ümumilikdə 30 faiz) seçici dəstəyi əldə edə bilərdi. Müxalifətdə olan Xristian-Demokrat və Xristian-Sosial İttifaqı bloku hazırda 33 faiz səslə öndədir.

Sentyabrın 3-4-də aparılan sorğuda 1309 nəfər iştirak edib.

Bundestaqa seçkilər gələn il sentyabrın 28-də keçiriləcək. Seçkilərin nəticələrinə əsasən yeni hökumət formalaşacaq və yeni kansler seçiləcək. Hakim koalisiyanın son dərəcə aşağı reytinqinə baxmayaraq, Olaf Şolts yenidən AFR kansleri postuna namizəd olmaq niyyətindədir.

 

 

Chosen
104
azertag.az

1Sources