EN

Rusiyadan gözlənilməz HƏMLƏ – Abxaziya Gürcüstana QAYTARILIR?

Deyəsən, Rusiya separatçı Abxaziya bölgəsinə göndərdiyi yardımları qərarına gəlib. Belə ki, Rusiya sentyabrın 1-dən Abxaziyada sosial ödənişlərin verilməsini dayandırıb.

Abxaziyanın xarici işlər naziri Sergey Şamba Rusiyanın respublikaya sosial maliyyələşdirməni dayandırdığını təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Kobaxidzedən gürcülərə TƏKLİF: “Müharibə və sülh arasında seçim etməli olacaqlar”


Rusiyanın bu addımı Gürcüstanda birmənalı qarşılanmayıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib ki, Rusiya tərəfindən işğal olunmuş Abxaziyaya maliyyənin dayandırılması “maraqlı prosesdir”. O, məsələnin çox həssas olduğunu qeyd edib: “Bundan başqa heç nə şərh etməyəcəyəm. Yenə deyirəm ki, gördüyümüz proseslər maraqlıdır”.

Qeyd edək ki, bir müddətdir Tiflisin Rusiyanın razılığı əsasında Abxaziya və Cənubi Osetiyanı yenidən qaytaracağı barədə məlumatlar gündəmə gəlib. Rəsmi Tiflis də özünün üstörtülü açıqlamaları ilə məsələnin məhz yuxarıda qeyd edilən müstəvidə gedəcəyinə işarə vurub. İndi isə Moskva Abxaziyaya sosial ödənişlərin verilməsini dayandırır. 

Olmaya Rusiya Abxaziyanı Gürcüstana qaytarmağa hazırlaşır? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, rəsmi Tiflisin son aylarda Qərbə inteqrasiya xəttindən imtina etməsi və Rusiya ilə yaxınlaşması yaxın zamanlarda öz bəhrəsini verəcək:

“Gürcüstanın Avropa Birliyinə namizədliyi elan olunandan sonra xarici siyasət kursunu ciddi şəkildə dəyişməsi, Qərbdən uzaqlaşaraq Moskvaya yaxınlaşması təsadüfi sayıla bilməz”. 

Ekspert qeyd edir ki, Moskva ilə hansısa bir razılaşma olmasaydı, Tiflis Qərbə müəyyən dərəcədə yaxınlaşdığı bir zamanda birdən-birə ondan uzaqlaşmaq xəttini götürməzdi:

“Güman ki, Rusiya ilə Gürcüstan arasında Abxaziya və Cənubi Osetiya ilə bağlı müəyyən danışıqlar olub və onun nəticəsi olaraq da bəzi razılaşmalar əldə olunub. Bu mənada Rusiyanın Abxaziya ilə bağlı atdığı addım həmin prosesin başlanmasının göstəricisidir. Yaxın zamanlarda bu barədə müəyyən bəyanatların veriləcəyini də tamamilə mümkün hesab edirəm”. 

Yaxın zamanlarda...

Həmsöhbətimizə görə, mövcud situasiyada Gürcüstan torpaqlarının geri qaytarılması istiqamətində Rusiya tərəfindən digər addımların atılmasını da gözləyə bilərik:

“Tiflis uzun illər Qərbə yaxınlaşmaq xətti götürdü. Onun “bəhrəsini” də gördü. Son aylar ərzində bu xəttən imtina olunması və Rusiya ilə yaxınlaşmaq xəttinin götürülməsi güman ki, yaxın zamanlarda öz bəhrəsini verəcək. Əks halda Gürcüstan hakimiyyəti xarici siyasət kursunda dəyişiklik etdiyinə görə ciddi peşmançılıq çəkəcək. Güman edək ki, bu baş verməyəcək”.

Rüfət Sultan, Bizim.Media 
 

Chosen
83
bizim.media

1Sources