"Güman etmirəm ki, Barnier də münasibətlərin pisləşməsi istiqamətində yeni nəsə icad etsin".
Qaynarinfo-ya açıqlamasında bunu hüquqşünas Qulümhüseyn Əlibəyli Fransada ermənipərəst Mişel Barnierin baş nazir təyin olunması fonunda Bakı ilə Paris arasındakı münasibətlərin daha da pisləşəcəyi ehtimalını şərh edərkən deyib.
"Azərbaycan Fransa münasibətləri Parisin günahı və fəaliyyəti üzündən indinin özündə belə ən pis vəziyyətdədir. Bundan sonra münasibətlərin daha da pisləşəcəyini gözləmək mümkün deyil. Onsuz da dediyim kimi, münasibətlər ən pis vəziyyətdədir. Parisin Azərbaycana qarşı siyasəti artıq Fransa Prezidenti tərəfindən müəyyənləşib və bu siyasət hökumətin bütün üzvləri, o cümlədən baş nazir tərəfindən də həyata keçiriləcək. Güman etmirəm ki, Barnier də bu istiqamətdə yeni nəsə icad etsin. Fransa Azərbaycana qarşı hansı pislikləri düşünübsə, hökumət də onları həyata keçirməyə çalışır", deyə Qulümhüseyn Əlibəyli bildirib.
Bu səbəbdən də ekspert yeni baş nazirin təyini ilə həmin istiqamətdə hansısa yeni addımların atılacağını gözləmir:
"İndiki siyasət davam edəcək. Barnier də ermənipərəstdir və Azərbaycan üçün arzuolunmaz şəxslər siyahısına daxil edilib".
Qeyd edək ki, Fransanın bu gün təyin edilən yeni baş naziri Mişel Barnier 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib. O, zaman Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə işğal altında olan Azərbaycan torpaqlarında erməni separatçılarının yerləşdiyi ərazilərdə olub.
Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən Barnier Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik çıxıb. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər.
Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq, ehtimal etmək olar ki, Emmanuel Makron kimi anti-Azərbaycan mövqeli prezidentin baş naziri olandan sonra iki ölkə arasında münasibətlər indi olduğundan daha aşağı səviyyəyə düşəcək.
Rüfət Sultan