Elçin Bayramlı
Müasir toyların Azərbaycan xalqının milli mədəniyyətinə, mənəvi dəyərlərinə zərrə qədər də aidiyyatı yoxdur
Toylar, şənlik mərasimləri milli mədəniyyətin 10 əsas elementindən biridir. Xalqımızın qədim adət-ənənələri arasında toylar özünəməхsus yer tutur. Milli toylarımızın özüməxsus gözəllikləri, zəngin ənənələri, mənəvi keyfiyyətləri var idi.
Son illərdə restoran toyları milli adtə və ənələrimizin tam itirilməsini özündə ehtiva edən yad bir mərasimə çevrilib. Artıq bəy-gəlin məclisə “Vağzalı” ilə yox, “Mendelson”la daxil olur. Toyda səslənən mahnıların çox az hissəsi Azərbaycan xalq mahnılarıdır. Əsasən, əcnəbi mahnılar və sözləri biabırçılıqdan ibarət olan müasur küçə mahnıları səsləndirilir. Hətta, “Ağlın varsa, evlənmə” mahnısı kimi “şedevrlər” toylarımızın bəzəyinə çevrilib. Bəy-gəlinin rəqsi də əcnəbi mahnılar altında təşkil olunur.
Toy salonunun bəzənməsi də milli heç nəyi ifadə etmir. Bəylə gəlinə salona daxil olarkən zorla spirtli içki (sampan şərabi) içirtmək də milli mənəvi dəyərlərimizə ziddir. Bəyin geyimi dəyişməsə də, gəlinlərin geyimi getdikcə çılpaqlaşır. Toyda olan əksər qız qadınların da geyimi Azərbaycan qadınına heç bir aidiyyatı olmayan geyimlərdir.
Toyda yeni yeni hoqqalar kəşf olunur- insanları zəhərləyən fişənglərin yandırılması, müxtəlif hoqqabaz qrupların çıxışının təşkil olunması və s. Axşam saat 10-da isə elə bir diskoteka təşkil olunur ki, adam dəhşətə gəlir. Dəhşətli dərəcədə yüksək səslə əcnəbi diskoteka mahnıları qoyulur və hamı ortalıqda tullanıb düşür. Xüsusilə sərxoş olmuşlar elə vəcdə gəlir ki, deyirsən bu dəqiqə buraları dağıadacaq.
Musiqinin səsinin normadan hardasa 254 dəfə yüksək qoyularaq beyinlərinin darmadağın edilməsi, tamadanın ağzına gələni danışması, müğənnilərin mahnıları bərbad günə qoyaraq zarıması kimi şeylərdən isə heç danışmağa dəyməz.
İndi gələk Azərbaycan toyunun əsas elementinə- yemək içmək məsələsinə. Süfrələrin üstündə lap nağıllarda deyildiyi kimi quş südü, can dərmanı- hər şey var. Məşhur filmdə deyildiyi kimi, süfrəni elə doldururlar ki barmaq basmağa yer qalmır...
Toy yeməklərinin və içkilərin çoxunun saxta, köhnə və ya keyfiyyətsiz olmasını kənara qoyaq. Müasir toy süfrəsi dünya tarixinin israfçılıq üzrə şəriksiz şah əsəridir. Burada obnlarla növbə kabanlar və sait yeməklər, onlarla növdə salatlar və turşular, onlarla növbə meyvələr və çərəzlər 3 mərtəbə şəklində elə düzülüb ki, sanki süfrə arxasında Qulliverlər oturub və hərəsi 10 kq yemək yeyəcəklər. Nəticədə, verilən yeməklərin azı 70 faizi istifadə olunmur və süfrədə qalır.
Bu yemək ki var- bu, bizim yaralı yerimizdir. İctimai müzakirələrdə hamı Avropa ölkələrini, Rusiyanı, Yaponiyanı misal gətirir, “onlar bizdən ağıllıdır, toyda çox sadə süfrə açırlar, bizim kimi 30-40 cür yemək vermirlər” deyir, lakin həmin adamların təşkil etdikləri toya gedəndə görürsən ki, özü başqalarından daha böyük həngamə çıxarıb.
Hər kəs bir-birinin bəhsinə girib daha “ağır” stol açmaq istəyir. Masalarda planetimizin Antraktida istisna olmaqla bütün materiklərindən gətirilmiş saysız-hesabsız nemətlər düzülür. Bununla fəxr edən toy sahibi heç düşünmür ki, bu həngaməni öz gücünə yox, qonaqların puluna həyata keçirir.
İş o yerə gəlib ki, indi toya çağrılan adamın qanı it qanına dönür. Orta statistik vətəndaşımız ayda 2-3 toya gedərsə aylıq maaşının azı yarısından keçməlidir. Bəs yarım ay necə dolanacaq? Özü də bu işgəncə kiminsə lovğalanması üçün baş verir.
Toya gələn qonaqların siyahıya yazdırdığı məbləğ, əslində, yeni evlənənlərə çatmalıdır. Bu pulla yeni ailə quranlar heç olmasa öz evləri üçün çatışmayan nələrisə ala bilər. Amma bu pullar şadlıq sarayının və digər hoqqabazlıq xidmətləri üzrə ixtisaslaşmış mərkəzlərin sahibinə çatır.
Hətta bəzən, heç toya yazılmış pullar şadlıq sarayının xərcini ödəməyə belə çatmır. Və toy sahini borca düşür. Hətta elə hallar olub ki, şadlıq sarayınını pulunu ödəyə bilmədiyi üçün bəy girov saхlanılıb.
Müasir toylar özünüreklam yarışına döndərilib. Olmaz ki, onun əvəzinə xərclənən vəsaiti daha məntiqli məsələlərə yönəldək? Məsələn, sadə toy məclisi keçirib, qalan pulları yeni ailənin hansısa problemlərini həll etməsi üçün özlərinə saxlayaq?
Ümumiyyətlə, artıq açıq şəkildə demək olar ki, müasir toy mərasimlərinin Azərbaycan xalqının milli mədəniyyətinə, mənəvi dəyərlərinə zərrə qədər də aidiyyatı qalmayıb.