Azərbaycan ərazisində "artsax" adlı ərazi vahidi yoxdur və heç zaman da olmayıb. Əgər Samvel Şahramanyan da daxil olmaqla, separatçı terrorçuların tör-töküntüləri ilğım, mifik "artsax"a qayıtmaq istəyirlərsə, bunu xəyala dalmaqla həyata keçirə bilərlər.
Separatçı terrorçuların sonuncu - kapitulyant "başçı"sı Samvel Şahramanyanın Azərbaycan ərazilərində 30 ilə yaxın dəhşətli müharibə cinayətləri törətdikdən və bütün bunların qarşılığında Azərbaycan dövləti tərəfindən misli görünməmiş humanist davranışla və dözümlə qarşılaşdıqdan sonra könüllü şəkildə tərk edən ermənilərin geriyə qayıdışı ilə bağlı iddialarına gəldikdə isə bu iddiaların Şahramanyanın ritorikasına uyğun bir şəkildə gerçəkləşməsi mümkün deyil və heç zaman da olmayacaq. Şahramanyan qondarma rejimin buraxılması ilə bağlı "konstitusion əsası" olmadığını bildirir. Maraqlıdır, görəsən bu halda o hansı "konstitusiya"ya istinad edir? Qondarma, hətta işğalçı Ermənistanın özü tərəfindən tanınmayan rejimin "konstitusiya"sına?
Bəs bu rejim necə, hansı əsaslarla formalaşdırılıb? İşğal, soyqırımı və digər ağır cinayətlər nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz fəaliyyət göstərən bu rejimin mövcudluğunun heç bir qanuni əsasları olmayıb. Onda hansı "konstitusiya"dan söhbət gedə bilər? Mənzərə aydın olsun deyə, öncə 1991-ci il dekabrın 21-də qəbul edilmiş Alma-Ata Bəyannaməsinə nəzər salaq: Bəyannamədə qeyd olunur ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna respublikaları... "bir-birilərinin ərazi bütövlüklərini, mövcud sərhədlərinin toxunulmazlığını tanıyır və hörmət edirlər". Göründüyü kimi, Alma-Ata Bəyannaməsində adıçəkilən dövlətlərin bir-birilərinin, o cümlədən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı və hörmət etdiyi imperativ şəkildə vurğulanır. Alma-Ata Bəyannaməsində, həmçinin qeyd olunur ki, "Müstəqil Dövlətlər Birliyinin yaranması ilə SSRİ öz mövcudluğuna son verir. Birliyin üzvü olan dövlətlər öz konstitusiyalarındakı prosedurlara uyğun olaraq, keçmiş SSRİ-nin müqavilə və razlaşmalardan doğan beynəlxalq öhdəliklərinə əməl edəcəklərinə zəmanət verirlər". Bu o deməkdir ki, SSRİ-nin beynəlxalq hüququn subyekti kimi mövcudluğuna Alma-Ata Bəyanaməsinin imzlanması ilə son qoyulub və Bəyannamə imzalananadək bütün müttəfiq respublikaların ərazisində SSRİ konstitusiyası qüvvədə olub. Eləcə də MDB üzvü olan bütün dövlətlər, o cümlədən Azərbaycan və Ermənistan SSRİ-nin hüquqi varisləridir. Bütün bunları ona görə qeyd edirəm ki, Ermənistanın və Azərbaycan ərazilərindəki separatçıların Alma-Ata Bəyannaməsi imzalananadək, yəni 1991-ci il dekabrın 21-dək qəbul etdikləri SSRİ konstitusiyasına zidd qərarlarının istisnasız olaraq heç bir hüquqi qüvvəsinin olmadığı aydın olsun.
SSRİ konstitusiyasının 71-ci maddəsində SSRİ-ni təşkil edən bütün müttəfiq respublikaların adları bir-bir sadalanır və qeyd olunur ki, "hər bir müttəfiq respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ saxlanılır". Bu isə o deməkdir ki, SSRİ-ni yalnız və yalnız müttəfiq respublikalar tərk edə bilərlər. SSRİ konstitusiyasının 78-ci maddəsində isə qeyd olunur ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Əgər belə bir razılıq olarsa, yenə də SSRİ konstitusiyasına görə, bu, SSRİ Ali Sovetinin qərarı ilə təsdiq olunmalıdır. Məlum olduğu kimi, həmin dövrdə "DQMV"nin Azərbaycan SSR-in tərkibindən çıxması ilə bağlı Azərbaycan SSR-in razılığı və təbii ki, olmayan "razılığın" SSRİ Ali Soveti tərəfindən təsdiqi də olmayıb. "DQMV"nin Azərbaycan SSR-in tərkibindən çıxması ilə bağlı qərarı isə 1988-ci il iyulun 13-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına zidd olduğu üçün ləğv edilib. SSRİ Ali Sovetinin iyulun 18-də qəbul etdiyi qətnamədə qeyd olunur ki, "Azərbaycan SSR Ali Sovetinin qərarının nəticəsi olaraq, DQMV-nin Ermənistana birləşdirilməsi mümkün deyil. SSRİ Ali Sovetinin sözügedən qətnamələrində SSRİ konstitusiyasının 78-ci və 87-ci maddələrinə istinad olunur. SSRİ konstitusiyasının 78-ci maddəsində bildirilir ki, "müttəfiq respublikanın razılığı olmadan onun sərhədlərini dəyişmək mümkün deyil". 87-ci maddədə isə deyilir ki, "DQMV Azərbaycan Respublikasının tərkibinə daxildir".