EN

Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

Image

Aydın Hüseynov: “Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”

Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, Azərbaycan-İtaliya dəyirmi masasında imza atılan sənədlər tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsini, təcrübə mübadiləsini əhatə edir.

"Sənədlərin icrası innovasiyaları təşviq etmək və iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək", - deyə nazir əlavə edib.

“Yeni sazişlər enerji əməkdaşlığında yeni səhifə açır və tərəflər təmiz enerjiyə keçid və istixana qazlarının azaldılması sahəsində əməkdaşlıq edəcəklər” 

Azərbaycan-İtaliya birgə istehsal sahələri yaradılmasının əhəmiyyəti haqqında fikir bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan və İtaliya 30 ildən artıqdır ki, sıx əməkdaşlıq edir. Ölkələr arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir: “Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var. Cənab İlham Əliyevin Romaya səfəri və keçirdiyi görüşlər, həmçinin imzalanan sənədlər təmasları yeni mərhələtə yüksəldir”. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar təşkil edib ki, onun 15,2 milyard dolları ixracın payına düşür: “İtaliya Azərbaycanın enerji ixracında ən böyük partyordur. Eyni zamanda, Azərbaycan İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlaqələr durmadan artır, sərmayə qoyuluşları təşviq edilir”.
 A.Hüseynov onu da bildirdi ki, Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru kəməri Balkan regionundan Adriatik dənizindən keçməklə İtaliyanın Apuliya regionu sahillərinə çatır: “Qaz boru kəməri texniki nöqteyi-nəzərdən obyektiv və əsaslı töhfə olmaqla yanaşı, xəttin keçdiyi bütün ölkələrin maraqlarını birləşdirən siyasi infrastrukturu təmsil edir. İtaliyanın “Eni S.P.A” şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti arasında imzalanan yeni sazişlər enerji əməkdaşlığınıda yeni səhifə açır və tərəflər təmiz enerjiyə keçid və istixana qazlarının azaldılması sahəsində əməkdaşlıq edəcəklər”.

Günel CƏLİLOVA





Chosen
191
42
baki-xeber.com

10Sources