EN

Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

Image

Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Anar Eyvazov antiterror əməliyyatının uğurla başa çatmasının birinci ildönümü ilə bağlı nazirliyin saytına müsahibəsində mətbuata və geniş ictimaiyyətə indiyədək məlum olmayan bəzi faktları açıqlayıb.

Polkovnik deyib ki, əməliyyat 19 sentyabr 2023-cü il saat 13:10-da başladı və 20 sentyabr saat 13:00-da bitdi, yəni bir sutkadan az davam etdi. Cəmi bir gün ərzində 406 km2 ərazinin yad ünsürlərdən təmizlənərək tam nəzarət altına alındığını deyən idarə rəisi bildirib ki, əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla şəxsi heyət sarıdan itki verib.

“19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket   qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü” – deyə polkovnik A.Eyvazov bildirib.

Onun sözlərinə görə, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilib: “Vətən müharibəsindəki təcrübəmizdən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edirdi. Bu da həm sürətli hərəkəti təmin edir, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradırdı. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına almışdı. Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra etmişdilər.

Demək olar ki, əməliyyatın müqəddəratı tam bizim xeyrimizə uğurla həll olunmuşdu. Məhz Silahlı Qüvvələrimizin birgə fəaliyyəti nəticəsində nail olduğumuz bu üstünlüklərdən sonra separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı təslim olmaq barədə müraciət etmək məcburiyyətində qaldı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirmiş və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etmişdi”.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
30
baki-xeber.com

10Sources