Ötən yay Şimal yarımkürəsində meteoroloji müşahidələr tarixində ən isti yay olub.
Oxu.Az bu barədə forbes.ru-ya istinadən xəbər verir.
Məlumata görə, iyundan avqusta qədər qlobal temperaturlar tarixi orta göstəricilərdən 0,69 °C yüksək olub. Beləliklə, ötən il qeydə alınmış əvvəlki maksimum göstərici yenilənib. Ümumiyyətlə, tədqiqatçıların qeyd etdiyi kimi, iqlim dəyişikliyi istilik dalğalarının tezliyini və intensivliyini artırır, quraqlıq və meşə yanğınlarından tutmuş güclü fırtına və daşqınlara qədər ekstremal hava hadisələrinə səbəb olur. Belə ki, son 12 ayda qlobal orta temperatur sənayedən əvvəlki dövrlə müqayisədə 1,64 °C yüksək olub - bu, Paris iqlim sazişi çərçivəsində müəyyən edilmiş 1,5°C həddini aşır.
Avropada iyundan avqusta qədər istilik 1991-2020-ci illər üzrə orta göstəricidən 1,54 °C yüksək olub. Ən ekstremal şərait Aralıq dənizi regionu və Şərqi Avropada qeydə alınıb, Böyük Britaniya, İslandiya, İrlandiyanın bəzi hissələri, Portuqaliyanın qərb sahili və Norveçin cənubunda isə normadan sərin olub.
Qeyd edək ki, Paris iqlim sazişi 2015-ci ildə qəbul edilib və istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına və bu əsrdə qlobal temperaturun artımının məhdudlaşdırılmasına yönəlib. Onu imzalayan ölkələr planetdə orta temperaturun artımını 2 °C-dən xeyli aşağı saxlamağı və temperaturun 1,5°C həddində artması üçün səy göstərməyi öhdələrinə götürürlər. Rusiya sazişi 2016-cı ilin aprelində imzalayıb və 2019-cu ildə qəbul edib.
Mənbə: oxu.az