"Regionların inkişafı Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran və dağlıq hissəsi də daxil olmaqla, Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Vətən savaşındakı tarixi Qələbəmizə qədərki dövrdə ölkənin digər regionlarında görülən işlər - infrastrukturların yenilənməsi, quruculuq, abadlıq işləri, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, səhiyyə, təhsil müəssisələri, mədəniy"yət ocaqlarının inşa edilməsi, turizmin inkişafı üçün münbit şərait yaradılması istiqamətində sürətli sosial-iqtisadi inkişaf göz qabağındadır. Sosial-iqtisadi proses daimi xarakter daşıdığından işlər bu gün də uğurla davam edir".
Moderator.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında fəlsəfə doktoru Cavanşir Feyziyev deyib.
İşğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin dövlətimizin başçısının xüsusi diqqət və nəzarətində olduğunu diqqətə çatdıran Cavanşir Feyziyev əlavə edib: “Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlər bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verir. Bir sözlə, ölkə Prezidentinin səfərləri bütövlükdə Azərbaycan cəmiyyətinin azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini aydın şəkildə göstərir və özlüyündə bu səfərlərin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, erməni vandalizmindən azad edilmiş ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir.
Bu mənada, Prezidentin sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri təkcə kəlbəcərlilərin deyil, hər bir azərbaycanlının böyük sevincinə səbəb oldu. Kəlbəcərin abadlaşdırılması, füsunkar təbiətə, əsrarəngiz gözəlliyə, göz oxşayan fərqli relyefə malik şəhərin müasir memarlıq nümunələri ilə yenidən qurulması, sözün həqiqi mənasında, təbiət-cəmiyyət vəhdəti yaradır. Təbiətin bəxş etdiyi gözəlliklər dövlətimizin başçısının rəhbərliyi ilə aparılan yenidənqurma və abadlıq işləri ilə tamamlandıqca daha cəlbedici mənzərə yaranır”.
Fəlsəfə doktorunun sözlərinə görə, Kəlbəcər təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bəlkə də dünyanın ən gözəl, füsunkar, zəngin təbii ehtiyatlara malik dilbər guşələrindən biridir. Eyni zamanda, Azərbaycanın Kəlbəcər rayonu istiqamətində Ermənistanla sərhədinin uzunluğu 109 kilometrdir, yəni, ən uzun sərhəd xətti Kəlbəcər istiqamətindədir. Təbii ki, bu da Kəlbəcərin təhlükəsizlik baxımından da ölkəmiz üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu təsdiqləyir.
Kəlbəcər rayonunun mürəkkəb coğrafi relyefə malik olduğunu, Ermənistanın törətdiyi misli görünməmiş vəhşiliklər nəticəsində bu yaşayış məntəqəsinin infrastrukturunun darmadağın edildiyini nəzərə alsaq, qısa müddət ərzində Kəlbəcərdə görülən işlərin nə qədər çətinliklə həyata keçirildiyini müəyyənləşdirə bilərik. İşğaldan azad edildiyi gündən digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də böyük quruculuq-abadlıq işləri həyata keçirilir və bütün bu proses Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yol xəritəsinə uyğun şəkildə gerçəkləşdirilir. Azad olunmuş ərazilərimizə, o cümlədən Kəlbəcərə münasibətdə dövlətimizin başçısının strateji, gələcəyə hesablanmış bir baxış bucağı var. Görülən işləri təhlil etdikcə əminliklə söyləyə bilərik ki, gələcəyin Azərbaycanının quruculuq prosesi azad olunmuş ərazilərimizdən başlayır. Qarabağ, Şərqi Zəngəzur ən müasir, modern və müstəqil Azərbaycanın gələcək modelidir.
Cavanşir Feyziyev qeyd edib ki, bütövlükdə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər Azərbaycan dövlətinin, xalqının nə qədər böyük qurucu potensiala və yaradıcı təfəkkürə malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də 30 ilə yaxın zaman kəsiyində cənnət guşələrimizi cəhənnəmə çevirən zehniyyətlə fərqimizi ortaya qoyur. Sentyabrın 2-də gerçəkləşən səfər çərçivəsində dövlətimizin başçısının Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirakı, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyması, eyni zamanda, Kəlbəcər Şəhər Təhsil Kompleksində bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi və 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olması, Xudavəng monastır kompleksinə ziyarəti, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşaatla yaxından maraqlanması, Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışı, SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışı fikirlərimizin parlaq təsdiqidir.
“Prezident İlham Əliyevin Kəlbəcər səfərini hadisəyə çevirən isə “İstisu” mineral su zavodunun açılışı oldu. Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın sözləri ilə desək: “Kəlbəcər rayonundakı “İstisu” mineral su bulağı təbiətin qeyri-adi hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir, hətta bir çox xüsusiyyətlərinə görə dünyada yeganədir”.
Görkəmli kimyaçı-alim E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları analiz etdikdən sonra “İstisu”yun müalicəvi əhəmiyyətini Çexiyanın məşhur “Karlovı-Varı” suyundan daha yüksək tərkibdə olduğunu qiymətləndirmiş və bu müalicə ocağının təkcə bu əraziyə, bu regiona deyil, ümumilikdə Azərbaycana, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.
Bu mənada, mübaliğəsiz deyə bilərik ki, ölkə başçısının diqqət və nəzarəti ilə hazırda tikilməkdə olan “İstisu” Müalicə-İstirahət Kompleksi yaxın gələcəkdə beynəlxalq səviyyəli müalicə mərkəzinə çevriləcək. 32 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, istirahət üçün nəzərdə tutulan iaşə obyektləri də yaradılacaq ki, bütün bunlar, Kəlbəcəri özünü maliyyələşdirməklə yanaşı, büdcəyə gəlir gətirən bir rayona, beynəlxalq və yerli turizm mərkəzinə çevirəcək. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsi artıq öz əməli təsdiqini tapan reallıqdır”, - deyən fəlsəfə doktoru fikirlərini yekunlaşdırıb.