Yasamal rayon MKS-nin A.Şaiq adına 2№-li kitabxana filialında 44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqə davam edən qısamüddətli antiterror əməliyyatı ilə əlaqədar tədbir keçirildi.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova açaraq, 44 günlük Vətən müharibəsi, 23 saat 43 dəqiqə davam edən qısamüddətli antiterror əməliyyatı ilə bağlı məlumat verərək, şəhidlik zirvəsinə ucalmış igidlərimizdən və Vətən uğrunda fədakarlıq göstərən, öz sağlamlığını qurban vermiş qazi və veteranlarımızın şücaətindən danışdı.
Tədbirdə şəhid Elmir Əliyevin anası 44 günlük Vətən müharibəsi, 23 saat 43 dəqiqə davam edən qısamüddətli antiterror əməliyyatından, oğlunun Ağdam-Tərtər istiqamətində gedən döyüşlərdə iştirakından və Vətən uğrunda şəhid olmasından danışdı. “Cavan yaşında cənnətə qovuşan, can balam, geri dön, məni peşiman etmə”, – deyən ana fəryadı hamını kövrəltdi. O, çıxışını aşağıdakı bayatı ilə bitirdi:
Bilməzdim ayrılıq var, ölum var.
Bilməzdim ki, ölum adli zülüm var.
Qazilərimiz qeyd etdilər ki, Vətən uğrunda şəhid olanlar unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz tarix yazdılar.
Şair Telli Sənəm “44 gun+23 saat” kitabını kitabxanaya hədiyyə etdi.
Tədbirin sonunda İradə Hüseynova “Şəhid şəklini bağrıma basıb” şeirini söylədi və dünyamıza sülh, əmin-amanlıq arzuladı.
Tədbirdə İkinci Qarabağ müharibəsi şəhidi Elmir Süleyman oğlu Əliyevin anası Rusət Məmmədova, “Telli Sənəm” jurnalının təsisçisi və redaktoru, publisist, şair Telli Sənəm, jurnalın baş redaktoru şair Müşfiq Rəfail oğlu, redaktor müavini, şair Fərman Saraçlı, xüsusi müxbir, şair Qumru Qüdrət Naxçıvanlı, şair Nuhəmməd İsrafiloğlu, şair Fatimə Məhəmmədqızı, şair Surxay Məhəmmədoğlu, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin Ahıllar şurasının sədri Sevil Əzizova və qazilərimiz iştirak etdilər.