EN

“Üçtərəfli bəyanatda belə bir şey yazılmayıb” – Paşinyan imza atdığı sənədi də təhrif etdi

“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan ərazisindən keçəcək nəqliyyat yollarının təhlükəsizliyinin təmin edilməsi funksiyasının Ermənistan Respublikasına həvalə edilib”.

“AzPolitika” xəbər verir ki, bu iddia ilə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

O, parlamentin “Yay məktəbi” proqramının iştirakçıları ilə görüşdə deyib: “Bu yaxınlarda Rusiya Federasiyasının yüksək rütbəli məmuru elan etdi ki, noyabrın 9-da üçtərəfli bəyanatda yazılıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyatəlaqəsinin təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilməlidir. Demək istəyirəm ki, 9 noyabr tarixli üçtərəfli bəyanatda belə bir şey yazılmayıb. O, açıq mətndir, açılıb oxuna bilər. Əksinə, orada yazılıb ki, Ermənistan Respublikası əlaqənin təhlükəsizliyini təmin edir”.

Paşinyan onu da vurğulayıb ki, 9 noyabr bəyanatının 9-cu bəndi bütün regional kommunikasiyaların açılması ilə bağlıdır.

“Və burada kontekstdən çıxarılan şərhlər təkcə faydasız deyil, həm də zərərlidir. Ermənistan Respublikası hökuməti isə “Sülh yollarının kəsişməsi” layihəsini açıq və rəsmi şəkildə təqdim edib və əgər kimsə bu layihənin əleyhinədirsə, niyə ona qarşı olduğunu izah etməlidir”, - Nikol Paşinyan bəyan edib.

“AzPolitika” xatırladır ki, sözgedən üçtərəfli bəyanatın 9-cu maddəsində yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Göründüyü kimi, Paşinyan imza atdığı və hər kəsin açıb oxuya biləcəyi sənədi belə təhrif etməkdən, öz maraqlarına uyğun təqdim etməkdən çəkinmir. Təəccüblü deyil, ermənidir!

Rasim Əliyev

“AzPolitika.info”

Chosen
572
azpolitika.info

1Sources