Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir dilədilər. Qeyd edildi ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Mənzillərin açarlarının təqdimatı mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər. “Bütün şuşalıların, keçmiş məcburi köçkünlərin öz evlərinə, doğma yurdlarına qayıtmalarını diləyirəm”. Bunu təqdimat mərasimində Şuşa sakini Həsənova Sevda deyib. O əlavə edib ki, bütün şəhidlərin ruhu, onların ailələri və valideynlərinin qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayırıq. Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Bu gün biz onun sayəsində sevincimizi yaşayırıq". Şuşa sakini Ləman Qasımova isə Şuşada uzun illərin həsrətinə son qoyulduğu üçün çox sevinclidir. O, Şuşanı 10 yaşında tərk etmək məcburiyyətində qalıb və bu günü çox səbirsizliklə gözləyib: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi və rəhbərliyimizi qorusun!”. “30 ildən sonra doğma yurdumuza, öz torpağımıza qovuşduğumuz üçün çox sevinirəm”- bunu isə Şuşa sakini Mübariz Məmmədov deyib. Allahdan torpaqlarımızın azad edilməsi uğrunda can verən şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayan M.Məmmədov ölkə rəhbərliyinə də xüsusi minnətdarlığını ifadə edib. Bildirib ki, onların sayəsində biz bu gün sevincliyik və öz yurdumuza qayıdırıq". Şuşa sakini Gültəkin Kərimova isə hisslərini bu cür ifadə edib: “Doğma Şuşaya qayıtdığım bu gün yaddaşıma sevincli gün kimi həkk olunur. Bu gün bizim çox sevincli günümüzdür, çünki bu gün biz doğma Şuşamıza qayıdırıq. Eyni zamanda bu gün biz şəhidlərimizə görə də kədərliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Var olsun Prezidentimiz. Məhz onun rəhbərliyi və igidlərimizin qoçaqlığı sayəsində torpaqlarımız düşməndən azad edildi”. Şuşa sakini Ruslan İsmayılov qeyd edib ki, doğulduğu, böyüyüb-başa çatdığı torpaqda yenidən yaşayacağından doğan sevinci sözlə ifadə etmək mümkün deyil: “24 yaşında əziz Şuşanı tərk etmək məcburiyyətində qalmışam. Həmin illər nostalji hisslər olaraq xatirəmdə qalıb. Çoxları Şuşaya gedəndə, gedib Cıdır düzünə, İsa bulağına baxır. Amma biz gedəndə cığırları axtarırıq, keçmişi xatırlayan məkanları axtarırıq. Bizə bu günləri yaşadanların hər birinə öz dərin minnətdarlığımı bildirirəm”. Şuşa sakini Sevinc Abbasova da məcburi köçkün olduğu gündən Şuşaya gedəcəyi günü səbirsizliklə gözləyənlərdəndir. Onun sözlərinə görə, ötən 30 ildə çoxlu itkiləri olub, yaxınlarını itirib: “Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Məhz onların sayəsində biz indi doğma yurdumuza yaşamağa gedirik. Şuşaya getdiyimdə öncə şəhidlərimizin, yaxınlarımızın məzarlarını ziyarət etmək istəyirəm”. Şuşa sakini Nadir Həsənov: - Uzun illər tərk etdiyim Şuşanı görmək, Şuşada yaşamaq arzumun çin olduğu üçün sevinirəm. Bu gün bizim üçün həm kədərli, həm də sevincli gündür. Ona görə kədərlidir ki, biz 1992-ci ilin may ayının 8-də Şuşadan oğlumla birlikdə didərgin düşmüşük. Bizim üçün çox çətindir ki, bu illər ərzində əzizlərimizi, doğmalarımızı itirmişik. Biz bu gün onlarsız Şuşaya qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların sayəsində bu gün Şuşaya qayıdırıq. Bu günü biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Ali Baş Komandanımıza borcluyuq ki, bu günümüzü, bu şəraiti yaradıb. Mən özüm də şəhid atasıyam. Oğlum leytenant Həsənov Nurlan torpaqlarımızın azad olunması uğrunda 44 günlük müharibədə şəhid olub. O, 6 aylığında bizimlə birlikdə Şuşanı tərk etmişdi. Şuşanı görmək arzusu idi, lakin Şuşanı görmək ona qismət olmadı. Onun övladlarına qismət olacaq ki, gedib Şuşada yaşayıb-yaratsınlar. Şəhidimizin ruhu da buna görə şad olacaq”.
Millət vəkili Elman Məmmədov Demokrat.az-a açıqlamasında bildirdi ki, dövlət proqramının icrası məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına dövlət büdcəsindən transfertlər ilbəil artırılır:
- Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin I rübündə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məqsədilə nəzərdə tutulan 3 milyard 825 milyon manat vəsaitin sifarişçi təşkilatlar tərəfindən təqdim edilən sənədlər əsasında 31,9 faizi və ya 1 milyard 220 milyon manatı ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çoxdur. Bu təsdiq edir ki, Azərbaycan Prezidentinin milli maraqlarına cavab verən siyasəti nəticəsində zaman keçdikcə işğaldan azad olunan ərazilərdə müasir, insanların tələbatlarına cavab verən yaşayış məntəqələrinin salınması davamlı olacaq. Azərbaycan öz inkişafı ilə dünyanın diqqətini cəlb etməyə davam edəcək. Artıq biz Azərbaycanımızın tarixi şəhəri, mədəniyyət mərkəzi, Qarabağ xanlığının mərkəzi olan Şuşa şəhərinə qayıtmışıq və burada daimi yaşayacağıq. Təkcə Şuşaya deyil, Qarabağın digər şəhər və kəndlərinə, Şərqi Zəngəzura da köç karvaları uzanır, Vətənimizin hər bir guşəsi abadlaşır, gözəlləşir, insanlarımız dogma yurdlarına, ocaqlarına qayıdırlar. Bununla Azərbaycan öz gücünü, qüdrətini dünyaya nümayiş etdirir.
Hazırda Şuşada yaşayan yazçı-publisist Kərim Kərimli Demokrat.az-a açıqlamasında qeyd etdi ki, 30 ildən sonra yenidən doğma şəhərinə qayıdan, yeni mənzillərinə köşən şuşalıların hissləri ona çox yaxşı tanışdır, çünki o özü də bu ölçüyəgəlməz sevinci yaşayanlardan biridir:
- Bilirsiz ki mən də Şuşa sakini idim, 1992-ci ilin mayında mən də şuşalılar birlikdə şəhərimizi tərk etmək məcburiyyətində qaldım. Lakin biz şuşalılar heç vaxt ümidimizi, inamımızı itirmdik, dogma şəhərimizə qaıdacağımıza əmin olduq. Nəhayət, o gün bizlərə qismət oldu. Ali Baş Komandanın rəhbərliyi altında igid ordumuz, cəsur döyüşçülərimiz Şuşanı və bütün Qarabağı azad etdilər. Cənab Prezidentin göstərişi ilə Böyük Qayıdış dövlət proqramı icra olunmağa başladı və proqramın icrası bu gün də uğurla davam etdirilir. İndiyədək Şuşa şəhərinə 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib. 2026-cı ilin sonunadək, ümumilikdə, 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlaşdırılması nəzərdə tutulub. Məlumdur ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həmin ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması, əhalinin layiqli yaşayış şəraitinin yaradılması və rifah halının yüksəldilməsi istiqamətində çoxşaxəli layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Çox yaxın zamanda məskunlaşma tam başa çatdırılacaq.
Törə Zeynallı
Demokrat.az
Qeyd: yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqamətində hazırlanıb.