Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı sürətli ilkin uğurları ilə Kiyevin müttəfiqlərini heyran qoydu və müharibənin dalana dirənməsi ilə bağlı təsəvvürü alt-üst etdi. Bundan əlavə, o, Rusiya prezidenti Vladimir Putinin öz ərazisini nəyin bahasına olursa-olsun müdafiə etməyə hazır olduğu vədlərinin puç olduğunu ifşa etdi.
OXU24.COM xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Nəşr xatırladıb ki, Ukrayna hərbçilərinin Rusiya sərhədini yarmasından bir ay keçib və Ukrayna 1300 kv. km Rusiya ərazisinə nəzarət edir.
Bildirilib ki, bəzi müttəfiqlər rusların daha böyük əks-hücuma keçəcəyi təqdirdə Kiyevin tutduğu ərazilərdən əl çəkməyə məcbur ola biləcəyindən ehtiyat edirlər.
Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Beynəlxalq Təhlükəsizlik Proqramının direktoru Set Cons Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində nəzarət etdikləri torpaqları qorumaq üçün dərin istehkamlar tikdiyinə dair sübutları hələ görmədiyini söyləyib. “Onlar əslində genişmiqyaslı, uzunmüddətli müdafiəyə hazırlaşmırlar”, - o bildirib.
Consun fikrincə, çox güman ki, Ukrayna tez bir zamanda geri çəkilmək imkanına ümid edir, eyni zamanda hücumu davam etdirmək və daha çox ərazi ələ keçirmək imkanlarını açıq qoyur.