DİM 500-dək şagird üçün əlavə imtahan keçirir - Bu gün
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirir. Bundan əlavə, bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.DİM-dən bildirilib ki, Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunan imtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.İmtahanlar bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:- İmtahana buraxılış vərəqəsi;- Şəxsiyyəti təsdiq edən sənədin əsli:a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 santimetr ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 241, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 159 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 75 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.İmtahanda 3 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçi təyin edilib.
Xəbərin oxunma sayı :
100