EN

Paşinyan KTMT-yə vaxt verdi– “belə quruma dəstək ola bilmərik”...

Image

Ramil Hüseynov: “Ermənistanın KTMT-dən çıxması elə də uzaqda deyil”

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı KTMT ilə bağlı bir sıra məqamlara toxunub. Paşinyanın çıxışından faktiki olaraq belə məlum olub ki, o, KTMT-yə vaxt qoyub: “Ermənistan KTMT-də iştirakdan imtina etməyib, lakin müxtəlif səbəblərdən orada iştirak etməmək qərarına gəlib”.

O qeyd edib ki, KTMT məcburi öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab verməyib. KTMT Ermənistanda öz məsuliyyət zonasına biganəlik nümayiş etdirir. Bu isə Ermənistanın ərazi bütövlüyünü təhlükə altına alır: “Biz KTMT-nin şərtlərini qəbul etməklə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini hər hansı formada şübhə altına alan təşkilata dəstək veririk”. 

Paşinyan KTMT-yə düşünmək üçün vaxt verdiklərini bildirib və qeyd edib ki, KTMT-dən çıxmaq barədə açıqlama verənə qədər heç bir strateji siyasi dəyişiklik elan etməyəcəklər.

Belə məlum olur ki, KTMT-nin cavabından asılı olaraq bunların yeni qərarı olacaq. Hər halda görünən odur ki, Paşinyan KTMT-yə vaxt verib.

“Paşinyan görür ki, Qərbin onlara dəstəyi artan xətt üzrə gedir və bu səbəbdən daha cəsarətlə Rusiyanı şantaj edir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən  “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Paşinyan KTMT-ni bununla şantaj edir: “Bu, vaxt verməklə yanaşı, həm də şantaj xarakterlidir. Əslində bütün bunlar gözlənilən idi. Çünki Paşinyan hakimiyyətə gələndən bu siyasəti yeridir. 2018-ci ildə Paşinyan hakimiyyətə gələn kimi belə fəaliyyətə başladı. Məsələn, o vaxt Ermənistanın adından Yuri Xaçaturov KTMT-yə rəhbərlik edirdi. Paşinyan bu amili nəzərə almadan Xaçaturovu həbs etdirdi. Onun bu addımı KTMT-nin nüfuzunu böyük zərbə oldu. Artıq o zaman bəlli idi ki, Paşinyanın siyasi kursu Rusiyadan uzaqlaşmaq xətti olacaq. 2020-ci il 44 günlük müharibədə Rusiya bir qədər kənarda qaldı və Azərbaycana öz ərazilərini işğaldan azad etməyə mane olmadı. Kreml hesab edirdi ki, bu, nəticə etibari ilə Paşinyanın devrilməsinə səbəb olacaq. Ancaq məlum olduğu kimi, belə olmadı. Ukrayna müharibəsindən sonra isə Paşinyan daha cəsarətlə KTMT-ni iqnor edir. Mütləq deyil ki, təşkilatdan çıxasan. Ermənistanın Rusiyadan asılılığı çoxşaxəli olduğu üçün buna birbaşa gedə bilmir. Ancaq Paşinyan KTMT-də təmsil oluna-oluna bu təşkilatın tədbirlərinə nümayişkəranə şəkildə qatılmaqdan imtina edir. Özü də bu, Ermənistan üçün adi hala çevrilib. 2022-ci ilin 23 noyabrında Putinin də İrəvanda iştirak etdiyi KTMT tədbirində Paşinyan yekun sənədi imzalamaqdan imtina etdi. Ondan sonra nə təşkilatın təlimlərinə, nə də tədbirlərinə qatıldı. O bəhanədir ki, guya Azərbaycan Ermənistan ərazisinə daxil olub, KTMT buna reaksiya verməyib. Ermənistanın KTMT-dən çıxması elə də uzaqda deyil. Paşinyan görür ki, Qərbin onlara dəstəyi artan xətt üzrə gedir və bu səbəbdən daha cəsarətlə Rusiyanı şantaj edir”.

Vidadi ORDAHALLI





Chosen
639
44
baki-xeber.com

10Sources