EN

Yücel Karauz: Bakının ABŞ və digər ölkələrin maliyyə dəstəyinə ehtiyacı yoxdur

 Azərbaycan kifayət qədər güclü dövlətdir
 
“Burada ayrılan hər hansı məbləğin miqyası yox, Vaşinqtonun Cənubi Qafqaza, İrəvan və Bakıya baxışı, yanaşması önəmlidir”
 

 ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb. USAİD-in Ermənistana yardımı iki dəfə artırması 5 aprel görüşü siyasətinin davamı kimi dəyərləndirilir. Yaxın keçmişə nəzər saldıqda, məlum olur ki, USAID-in ciddi problemlər yaşadığı, daha doğrusu, yaratdığı ilk ölkə Azərbaycan deyil. Fəaliyyət göstərdiyi müddətdə bu təşkilatın adı dəfələrlə ölkələrin daxili işlərinə qarışmaqda, radikal müxalifəti maliyyələşdirməkdə, gizli kəşfiyyat fəaliyyəti aparmaqda hallanıb. USAID-in kəşfiyyat işinə cəlb olunması və yardım edilən ölkələrin daxili işlərinə qarışması uzun illərdən bəridir ki, danılmaz fakt kimi qəbul olunur. 1960-70-ci illərdə agentlik Mərkəzi Kəşfiyyat İdarəsinin hazırda bağlanmış İctimai Təhlükəsizlik Ofisi ilə əməkdaşlıq edib. Xatırladaq ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti açıqlama yayaraq, USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalılar maliyyələşdirməkdə ittiham etmişdi. Qeyd olunmuşdu ki, USAİD-in Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə üç Serbiya vətəndaşı - Sinisa Sikman, Yelena Stoisiç and Slobodan Jinoviç sentyabrın 25-də Gürcüstana gəlib. Bildirilib ki, həmin şəxslərin Gürcüstana gəlişinin əsas məqsədi bu ilin oktyabr-dekabr aylarında qanunsuz və dağıdıcı fəaliyyətlər planlaşdıran QHT-lərlə və gənclərlə əlaqələr qurmaq və onlara təlimlər keçmək olub. Məlumata görə, Serbiya vətəndaşları USAİD tərəfindən maliyyələşdirilən və sentyabrın 26-dan 29-dək davam etmiş dörd günlük təlimdə iştirak ediblər. Gürcüstan DTX daha əvvəl sözügedən serbiyalıların saxlanıldığını açıqlayıb. Sözügedən şəxslər 2003-cü ildə də Gürcüstanda baş vermiş inqilabi proseslərlə əlaqəli olub, həmçinin, müxtəlif illərdə Serbiya, Ukrayna və digər ölkələrdə gedən oxşar proseslərdə iştirak ediblər. Gürcüstanın hakim “Gürcü arzusu” Partiyası da açıqlama yayaraq, Amerika xalqının pulunun Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf olunduğunu bildirib. Gürcüstan parlamentinin sədri deyib ki, USAİD Amerika xalqının pullarının başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün sərf olunmasının izahını verməlidir. Gürcüstan nümunəsi USAİD-in adının hallandığı yeganə qalmaqal deyil. Bu qurumun adı işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və s.-də daim hallanıb. Başqa sözlə, USAİD bir növ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) alt qurumu kimi fəaliyyət göstərərək, yardım adı ilə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışır, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. USAİD ABŞ-nin ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə, istəmədiyi hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rola malikdir. Bir faktı vurğulamaq yerinə düşər ki, USAİD 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb. Lakin bu vəsaitin məhz ABŞ-nin siyasi və regional maraqlarına sərf olunduğu şübhəsizdir. Gürcüstanda baş verən son proseslər, əslində, bizə yaxşı tanışdır. Eyni problemləri Azərbaycan çoxdan və dəfələrlə yaşayıb. Özü də Azərbaycana qarşı təkcə USAİD deyil, ABŞ-yə bağlı digər qurumlar uzun illər boyu çirkin ssenarilər həyata keçirmək istəyib. Lakin Azərbaycan güclü dövlət olaraq, bu ssenarilərin reallaşmasına imkan verməyib. Bir məqamı da vurğulamaq yerinə düşər ki, bu gün çevriliş təhlükəsi ilə üzləşmiş Gürcüstanda USAİD geniş şəbəkəyə malikdir, vaxtilə Azərbaycanda işlədiyi təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb. 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən USAİD-in dəfələrlə ölkədə qarşıdurma və gərginlik cəhdlərinə dəstək verməsinə dair məlumatlar var. Bununla bağlı faktlar və sübutlar zaman-zaman mətbuatda işıqlandırılıb. 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə - 2,4 milyon dollar məbləğində qrant elan etmiş, qısa zamanda və qeyri-şəffaf formada həyata keçirilən müsabiqəyə yalnız özünün lazım bildiyi medialar buraxılmışdı. USAİD sonrakı dövrlərdə də eyni məqsədlə bir çox layihələr reallaşdırıb. Təşkilat hazırda da, xüsusilə, regionlarda müxtəlif layihələr həyata keçirir. Rəsmi Bakı onun ölkədə qalmasına ehtiyac olmadığını, bunun məqsədəuyğun sayılmadığını dəfələrlə nəzərə çatdırsa da, USAİD fəaliyyətini dayandırmır.
 
 Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karaüz "Sherg.az"a deyib ki, ABŞ-nin ikili standartlardan çıxış etməsi yeni məsələ deyil. Generalın sözlərinə görə, ABŞ və ona məxsus olan təşkilatların Ermənistana yardım kampaniyaları bundan sonra da davam edəcək: 

"Azərbaycan kifayət qədər güclənmiş, iqtisadi dayaqlarını möhkəmləndirmiş, siyasi-hərbi qüdrətini hər gün daha da artıran bir ölkədir. O baxımdan ilk növbədə onu vurğulamaq lazımdır ki, iqtisadi baxımdan güclü olan Azərbaycan ABŞ və digər hansısa ölkənin, yaxud beynəlxalq təşkilatın maliyyə dəstəyinə ehtiyac duymur. Azərbaycanın 250 milyon dollara ehtiyacı yoxdur. Yəni burada ayrılan hər hansı məbləğin miqyası yox, Vaşinqtonun Cənubi Qafqaza, İrəvan və Bakıya baxışı, yanaşması önəmlidir. Xüsusən 2020-ci ildən etibarən Azərbaycanın nüfuzu, gücü daha çox artıb və Cənubi Qafqazın lider dövlətinə çevrilib. Azərbaycan Qərblə Şərq və Şimalla Cənub bölgələri arasında strateji mövqeyə malik bir ölkədir. Dünyanın güc mərkəzlərinə təsir imkanlarına sahib bir dövlətdir".

 Y.Karaüz vurğulayıb ki, buna rəğmən, ABŞ-nin tərəfli mövqe sərgiləməsi, Ermənistanın yanında yer alması, erməni işğalçılarının Qarabağda 30 il ərzində törətdikləri vandalizmi görməzdən gəlməsi və aparılan bərpa-quruculuq işlərinə dəstək olmaması tarix tərəfdən yazılır: 
"Söhbət 28 il ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq işğala, haqsızlığa göz yuman, sülh üçün heç bir addım atmayan ABŞ-dən gedir. Əslində, bu tip ölkələrin başqa cür davranması da gözlənilmir. Azərbaycan və Türkiyə ABŞ və Avropa ölkələrinin nə deməsinə, hansı addım atmasına əhəmiyyət vermir. Bakı və Ankara öz maraqları çərçivəsində ortaq addımlar atır, siyasi gedişlər edir və qlobal güclərin oyunlarını boşa çıxarır. Yeri gələndə siyasi-iqtisadi və hərbi sahədə sözümüzü söyləyirik".
 
Chosen
59
sherg.az

1Sources