Rusiya qüvvələri Kursk vilayətindəki Ukrayna mövqelərinə qarşı bütün istiqamətlərdə əks-hücuma keçsə də, yalnız kiçik uğurlar əldə edə bilib. Buna səbəb Ukraynanın ərazidəki hücum əməliyyatları və müdafiə xarakterli əks-hücumlarıdır.
“AzPolitika” xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında deyilir.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, sentyabrın 10-dan 11-nə keçən gecə əks-hücumlar başlayandan bəri rus qoşunları Korenevodan cənub və cənub-qərbdə 10 yaşayış məntəqəsini geri alıb. Bütün bu yaşayış məntəqələri Rusiya hücumunun mövcud sərhədləri daxilindədir. Lakin ISW hələ ki, Rusiya qüvvələrinin Snaqost və Krasnooktyabrskın bəzi hissələri istisna olmaqla, bu yaşayış məntəqələrindən hər hansı birini geri alması barədə vizual təsdiq görməyib.
Rusiya hərbi bloqerləri isə iddia edirlər ki, rus qoşunları Korenevodan cənub-şərqə və Snaqostdan şimal-şərqə doğru irəliləməyə davam edir.
O da qeyd olunur ki, Ukrayna qoşunları rus qoşunlarının əks hücuma keçdiyi ərazilərdə təkrar hücumlar həyata keçiriblər. Sentyabrın 12-də yayılan geolokasiya görüntüləri göstərir ki, Ukrayna piyada qoşunları Rusiya sərhədini Kursk istiqamətində daha bir yerdə keçərək Tetkinonun cənub-qərb hissəsinə doğru irəliləyib. Görüntülərdən məlum olub ki, Ukraynanın zirehli texnikası və piyadaları Novıy Putdan cənub-qərbdə (Qluşkov rayonunun cənub-qərbində) Rusiya-Ukrayna sərhədindəki Rusiyaya məxsus “Əjdaha dişləri” adlandırılan tank əleyhinə sədləri müqavimətsiz keçərək irəliləyiblər və Rusiya qüvvələri bunun qarşısını almağa hazır deyil.
Həmçinin, Rusiya mənbələri də Ukrayna qüvvələrinin hücumlarını davam etdirdiyini bildirirlər.