EN

Yaxın zamanlarda Ermənistan - Rusiya münasibətləri kəskinləşəcək - GÖRÜNƏNİ BUDUR...

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistan missiyasının direktoru Con Hallelot bildirib ki, Ermənistan hökuməti və nazirlikləri ilə iş birliyi ümumi məqsədlərimizə çatmaqda mühüm rol oynayır.Belə çıxır ki, ABŞ Ermənistana yardım edərək onu öz tərəfinə çəkməklə bölgədə öz sözünü İrəvanın vasitəsi ilə demək istəyir. Mövzu ilə bağlı politoloq Elşad Həsənov "Sherg.az"a açıqlamasında ABŞ- nin öz istəyinə çatmaq üçün Ermənistana maddi yardımı 2 dəfə artırdığını bildirib:"ABŞ-nin məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdır. Rusiya qoşunlarının Ermənistanda olması ABŞ- nin qarşısında duran ən böyük məsələdir. Buna görə də ABŞ yardımlarını artırır. Yardımların hamısı kiber təhlükəsizlik, inkişaf adları altında aparılır. Son dövrlərdə xüsusi ilə son 2 ildə bu məsələ çox intensivləşib. 2022- ci ilin sentyabrında Nensi Pelosi İrəvana səfər etdi. Orada onları dəstəklədiklərini dedi, Ermənistanın azad ölkə olacağını, gələcəkdə Rusiyanı buradan çıxaracacaqlarını açıq şəkildə bildirdi, ABŞ- nin nə lazımdırsa edəcəyini ermənilərə vəd verdi. Bundan sonra ard- arda ABŞ rəsmiləri, ABŞ dövlət katibi Antony Blinken və onun müavinləri tez- tez Ermənistana səfər etdilər.Bu ilin aprelində Belçikada Paşinyan Blinkenlə və Avropa Şurasının Prezidenti Fon der Lyayen ilə görüşdü. Onlar Ermənistana yardım paketi verəcəklərini bildirdilər. Bundan sonra da yenidən Ermənistana Qərbin mütəmadi səfərləri başladı, müxtəlif platformalarda konfranslar keçirildi. Ermənistan iqtisadiyyatının, idarə etmənin inkişaf etdirilməsi və digər adlar altında orada işlər aparmağa başladılar. Bundan sonra Ermənistan baş naziri Zvartnotsdan rus sərhədçilərinin çıxarılmasına nail oldu. Rusiya sərhədçiləri İran- Ermənistan, Türkiyə- Ermənistan sərhəddinə yerləşdirildilər. Rusiya siyasiləri Ermənistanla bağladıqları müqaviləyə görə bildirirlər ki, onların həmin sərhəddə, eyni zamanda Gümrüdəki hərbi bazada qalmaqları sonsuzdur" Ekspert Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistan- Rusiya arasında bağlanan müqavilə haqqında dediklərinə də diqqət çəkib:"Rusiyanın Xarici İşlər naziri S.Lavrov bildirib ki, Ermənistanla Rusiya arasında bağlanan müqavilə 2044- cü ilə qədər qüvvədədir və ondan tez hərbiçilərin oradan çıxarılması mümkün deyil. Ancaq Amerika və Avropa İttifaqı Ermənistandan tələb edir ki onlar rus qoşunlarının çıxarılmasına nail olsunlar. Son dövrlər xüsusi ilə də Ermənistana edilən yardımlar nəticəsində o, Hindistandan ATACMS raketləri və hərbi hava hücumundan müdafiə silahları, Fransadan hərbi silahlar alır. Ermənistanı etdikləri yardımlarla silahlandırırlar. Bununlada Ermənistan Azərbaycana qarşı təxribatlar törədir.Ermənistan nazirləri dəfələrlə bildirdilər ki, biz Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırıq. Ancaq digər tərəfdən də silahlanaraq sülh müqaviləsinin imzalanmasını uzadırlar, Azərbaycanın tələblərini yerinə yetirmək istəmirlər.Son dövrlər Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlıq daha da artıb. Onlara dəstək olan İran da sərhədin açılmasını özünün qırmızı xətti hesab edir. Və bununla bağlı bu günlərdə Sankt Peterburqda keçirilən BRİCS ölkələrinin üzvlərinin təhlükəsizlik şuralarının katiblərinin iclasında Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu bildirdi ki, bizim Zəngəzur dəhlizi ilə bağlı fikrimiz İranla əldə olunan razılığı dəyişməyəcək. Mətn altı bildirdi ki, biz bu məsələni İranla razılaşdırmışıq. Zəngəzur dəhlizinin açılması Rusiya üçün çox önəmli bir məsələdir. Yaxın zamanlarda Ermənistanda siyasi vəziyyətin gərginləşəcəyi Rusiya ilə vəziyyətin daha da gərgin olacağını şərtləndirir. Hesab edirəm ki, Rusiya bu dəfə özünün əlində olan iqtisadi, hərbi rıçaqlardan istifadə etməyə məcbur olacaq".

Chosen
17
1
dia-az.info

2Sources