EN

XİN başçısı: Ukraynalıların geri qaytarılması üçün Avropa İttifaqı ilə proqram işlənir

XİN

Kiyev, 15 sentyabr, AZƏRTAC

Avropa İttifaqının ukraynalıların evlərinə qayıdışı üçün proqramlar hazırlamağa başlamasının vaxtı çatıb. Lakin bunun üçün Ukraynada lazımi şərait yaratmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Yalta Avropa Strategiyası konfransında deyib.

Onun sözlərinə görə, nazirlik artıq avropalı tərəfdaşlarla Rusiyanın Ukraynaya qarşı başladığı müharibə nəticəsində xaricə getmiş ukraynalıların geri qayıtması üçün müvafiq şəraitin yaradılması üzərində işləyir.

“İndi biz Avropa İttifaqının ukraynalıların geri qaytarılması üçün proqramlar hazırlaması məsələsini qaldırmalıyıq, əlbəttə ki, bunun üçün təhlükəsizlik, tibbi xidmətlər, mənzillərin bərpası məsələsi gündəmdə olmalıdır”, - deyə nazir əlavə edib.

O, həmçinin əlavə edib ki, nazirlik ukraynalıları vətənlərinə qayıtmağa həvəsləndirəcək təşəbbüslər hazırlamaq üçün Avropa Komissiyası ilə fəal işləməyə davam edir.

Sibiqanın fikrincə, müvafiq təşəbbüslər ilk növbədə, müsbət motivasiya yaratmalıdır ki, xaricdəki ukraynalılar geri qayıtmaq lehinə məlumatlı seçim etsinlər.

Xatırladaq ki, bu yaxınlarda “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia Ukraynada “Ukraynalıların Qayıdılması Nazirliyi” yaratmaq planlarını açıqlamışdı.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
143
5
azertag.az

5Sources