Artıq bir neçə gündür ki, “Wikipedia”dan 20 yanvar, Xocalı soyqırımı, I və II Qarabağ müharibəsi şəhidlərinin məqalələrinin silinməsi gündəm olub.
Texnobloger Fərid Pərdəşünas özünün “Facebook” sosial media hesabında hər 12 saatdan bir məqalələrin geri qaytarılmadığına görə bu işdə əli olanları ifşa edir.
İNFOAZ.WS xəbər verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz qeyd edib ki, “Azwiki problemi”nin həlli düz istiqamətdə getmir:
“Fərid bəyin və digər ictimai fəalların problemi, yəni çox sayda şəhidlərin məqalələrinin bir anda silinməsini qabartması və ictimailəşdirməsi, davamlı olaraq gündəmdə saxlaması doğru bir yanaşma idi. Bununla belə qlobal bir platformanın lokal icmasında yaranan problemin həlli istiqamətində hazırda tutulan yol ağlabatan deyil. Biz sonda Azərbaycan maraqlarına cavab verməyən başqa bir problemlə üzləşməkdən ehtiyat edirəm”.
O bildirib ki, “3000 şəhid məqaləsinin” silinməsində yox, Azviki icmasının idarəçiləri arasında yaranan böhranla, icma ilə idarəçilər arasında yaranan narazılıqla, bu böhranın dərinləşməsindən doğan , ölkəmizin maraqlarına cavab verməyən nəticələrlə bağlıdır:
“Yəni görünən odur ki, bizim dostlarımız nəticədən daha çox yapışıblar. Əgər biz böhranı aradan qaldırmasaq, indiki nəticə öz həllini tapsa da, gələcəkdə digər problemlər qaçınılmaz olacaq. Amma qlobal resurs üçün, onun bəlli qaydaları var və konflikt həll edən qurumları var.
İcmada böhran olanda mütləq bu üst səviyyədə həllini tapmalıdır. Azviki icmasında sağlam, demokratik, şəffaf, kollegial və icma üzvlərinin hamısının özünü idarəsinə əsaslanan bir mühit formalaşdırmaq çox vacibdir. Aşağı səviyyədə idarəçilərə davamlı təzyiqlər etmək, gözüm-çıxdıya salmaq, “xain elan etmək” yolverilməzdir. Azviki icması Azərbaycan maraqlarının reallaşmasında pulsuz -parasız, ictimai əsaslarla xeyli faydalı işlər görüblər”.
Aysu Məmmədova,
İNFOAZ.WS